Bizi izləyin:
Heydər Əliyev
ATU-da II Multidisiplinar Nutrisiologiya Forumu keçirilib

ATU-da II Multidisiplinar Nutrisiologiya Forumu keçirilib

    Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar II Nutrisiologiya Forumu” keçirilib.

    ATU və Azərbaycan Nutrisiologiya və Dietologiya İctimai Birliyinin (ANDOP) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan son illərdə tibb elminin müxtəlif sahələrinə həsr olunan belə elmi platformaların təşkili mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, nutrisiologiya yalnız düzgün qidalanma məsələləri ilə məhdudlaşmır, həmçinin ürək-damar, endokrin, metabolik və digər xəstəliklərin profilaktikası və müalicəsində mühüm rol oynayır.

   Piylənmə və metabolik pozğunluqların dünya miqyasında ciddi sağlamlıq problemlərinə çevrildiyini, xüsusilə pediatrik populyasiyada bu sahədə maarifləndirmənın vacibliyini vurğulayan prorektor çıxışında ATU-da dietologiya və nutrisiologiya ixtisası üzrə magistratura təhsilinin yaradılmasının universitet üçün mühüm nailiyyət olduğunu diqqətə çatdırıb.

   ANDOP-un sədri Sevinc Zaman müasir dövrdə düzgün qidalanmanın yalnız gündəlik ehtiyac deyil, həm də sağlam həyatın əsas sütunlarından biri olduğunu bildirib. Sədr qeyd edib ki, təşkilatın əsas məqsədi gənclərin nutrisiologiya sahəsində biliklərini artırmaq, onları elmi yeniliklərlə tanış etmək və sağlam həyat tərzinin təbliğini gücləndirməkdir.

   ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri İlhamə Mustafayeva isə çıxışında sağlam qidalanmanın insan həyatında mühüm rol oynadığını vurğulayıb. O, xüsusilə qadın sağlamlığı, gələcək nəsillərin formalaşması və sağlam həyat tərzinin təşviqində düzgün qidalanmanın əhəmiyyətindən bəhs edib.

   “Müasir dövrdə nutrisiologiya ixtisası üzrə magistr təhsilinin zəruriliyi” mövzusunda çıxış edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, ANDOP İdarə Heyətinin üzvü Əfsanə Məmmədova nutrisiologiyanın yalnız artıq çəki ilə bağlı deyil, həm də immun sağlamlıq, psixosomatika, uşaqların inkişafı və sağlam həyat tərzi ilə birbaşa əlaqəli multidisiplinar sahə olduğunu diqqətə çatdırıb.

    Forum çərçivəsində ATU-nun Daxili xəstəliklər kafedrasının dosenti, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, ANDOP İdarə Heyətinin üzvü Yasmin Rüstəmova “Piylənmə zamanı ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsində qidalanmanın rolu” mövzusunda məruzə ilə çıxış edib. O, sağlam qidalanmanın ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb və piylənmənin bu sahədə əsas risk faktorlarından biri olduğunu bildirib.

   Forum sual-cavab sessiyası və müzakirələrlə yekunlaşıb.

 

Paylaş

Dostlarınız ilə paylaşın.