
Komitə tələbələrin hərtərəfli inkişafına yönəlmiş çoxşaxəli fəaliyyətini davam etdirir
Azərbaycan Tibb Universitetinin ictimai həyatında yaxından iştirak edən Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) öz uğurlu fəaliyyəti ilə seçilir.
THİK sədri, ATU-nun Tədris Terapevtik Klinikasının Uşaq xəstəlikləri şöbəsinin müdiri və II Uşaq xəstəlikləri kafedrasının assistenti Qoşqar İsmayılov komitənin fəaliyyəti barədə məlumat verərək bildirib ki, o, 2022-ci ildən etibarən bu vəzifədə çalışır və bu dövr ərzində bir sıra mühüm layihə və tədbirlərin həyata keçirilməsinə nail olunub.
Q.İsmayılov, həmçinin THİK sədrinin ATU-nun Böyük Elmi Şurasının, Rektor yanında Şuranın və Fakültə Elmi Şurasının tam hüquqlu üzvü olduğunu bildirib. Universitetdə tələbələrlə bağlı qəbul olunan qərarlarda komitənin rəyi nəzərə alınır. Onun sözlərinə görə, tələbələrin sosial aktivliyinin artırılması və onların universitet həyatına inteqrasiyasında THİK-in mühüm rolu var.
Komitə sədri qeyd edib ki, THİK-in tərkibinə bütün fakültələr üzrə sədr və müavinlər, eləcə də 14 yaradıcılıq klubunun rəhbərləri və aktiv büro üzvləri daxildir. Komitə nəzdində İntellektual Oyunlar, teatr, şahmat, kitab, “Doctors Media”, “Xarici tələbələrin səsi”, “İşıq” yardım, K-Logy, rəsm, fləşmob, kiber idman, şəxsi inkişaf və psixoloji təlimlər, debat və conversation klubları fəaliyyət göstərir.
Komitənin əsas fəaliyyət istiqamətlərinə I kurs tələbələrinin bu təşkilatda qeydiyyata alınması, tələbə hüquqlarının qorunması, aktiv və istedadlı gənclərin aşkar edilərək onlarla iş aparılması, nizam-intizam qaydalarına nəzarət, sosial rifahın yaxşılaşdırılması, eləcə də şəhid və qazi ailələrinin övladlarına maddi dəstək göstərilməsi daxildir.
Eyni zamanda komitə tələbələrin asudə vaxtının səmərəli təşkilinə xüsusi önəm verir. Bu çərçivədə yataqxana şəraitinin yaxşılaşdırılması, sağlam həyat tərzinin təşviqi, vətənpərvərlik ruhunun aşılanmasına yönəlmiş, narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlər, həmçinin idman və sağlamlıq yönümlü layihələr həyata keçirilir. Tələbələrin respublika daxilində və xaricdə keçirilən müsabiqə, konfrans və festivallarda iştirakı da dəstəklənir.
Q.İsmayılov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən bir sıra layihələrdən də bəhs edib. Onun sözlərinə görə, Stomatologiya fakültəsinin tələbələri üçün “Dental Sculpture Workshop” təşkil olunub. Tədbirin məqsədi tələbələrin diş anatomiyası üzrə praktik bilik və bacarıqlarının, eləcə də əl vərdişlərinin inkişaf etdirilməsi olub.
Həmçinin 4 aprel tarixində “Stomatoloji praktikada ilk yardım” mövzusunda maarifləndirici tədbir keçirilib. Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş “İşığa baxış” adlı elmi-praktiki konfrans isə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, ATU THİK-in təşkilatçılığı və Oftalmologiya kafedrasının dəstəyi ilə baş tutub. Konfrans tələbələrin elmi biliklərinin artırılmasına töhfə verib. Proqram çərçivəsində “Həyat” teatr klubunun təqdimatında “Göz həkimi” tamaşasından səhnəcik də nümayiş olunub.
Bundan əlavə, “Doctors Media” klubunun təşkilatçılığı ilə “Böhranlı vəziyyətlər zamanı ilk yardımın xüsusiyyətləri” mövzusunda tələbə forumları keçirilib. “Həyatın ritmi: elektrikin iki üzü” adlı tədbirdə elektrik mənşəli travmalar zamanı ilkin yardım qaydaları və düzgün müdaxilə üsulları barədə tələbələrə ətraflı məlumat verilib.
Qoşqar İsmayılov gələcək planlar barədə də danışaraq bildirib ki, yeni tədris ili ərzində tələbələrin akademik, sosial və şəxsi inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur. I kurs tələbələrinin universitet mühitinə adaptasiyası üçün tanışlıq görüşləri, xarici dil bacarıqlarının inkişafı üçün conversation klublar, debat və natiqlik turnirləri, tibbi biliklərin artırılması məqsədilə maarifləndirici videolar, eləcə də intellektual yarışların təşkili planlaşdırılır.
Eyni zamanda ekologiya, sosial məsuliyyət, psixoloji rifah və gələcəyin tibb texnologiyalarına həsr olunmuş layihələrin icrası da nəzərdə tutulur. Mental sağlamlıq, stressin idarə olunması, meditasiya və psixoloji dəstək yönümlü seminarlar da fəaliyyət planına daxildir.
Bir sözlə, ATU-da tələbələrin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb və Tələbə Həmkarlar İttifaqı Komitəsi bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.