Bizi izləyin:
Heydər Əliyev
Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

    Azərbaycan Tibb Universitetində (ATU) Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. 

Konfransın açılış mərasimində çıxış edən ATU-nun Tədris işləri üzrə prorektoru Anar Ağayev Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının 100 illik yubileyinin Azərbaycan tibb elmi və təhsili üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, kafedra bir əsr ərzində fundamental tibb elmlərinin inkişafı, infeksion xəstəliklərin öyrənilməsi, laborator diaqnostikanın təkmilləşdirilməsi və yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasına töhfə verib. 

Prorektor mikrobiologiya və immunologiyanın müasir dövrdə ictimai sağlamlığın qorunması, infeksion təhlükələrlə mübarizə və bioloji təhlükəsizliyin təmin olunmasında strateji rol oynadığını bildirib. 

Daha sonra Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının 100 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. 

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun təbrik məktubu səsləndirilib. Məktubda kafedranın yüzillik yubileyi ölkə səhiyyəsi və tibb elminin inkişafında əlamətdar hadisə kimi qiymətləndirilib. 

H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov çıxışında Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının ölkədə bu sahə üzrə güclü elmi məktəbin formalaşmasında mühüm rol oynadığını bildirib. 

AMEA-nın müxbir üzvü, Molekulyar Biologiya İnstitutu, Torpaq və Su Mikrobiologiyası laboratoriyasının müdiri, professor Pənah Muradov mikrobiologiyanın tarixi inkişaf yolundan bəhs edərək bu elmin müasir dövrdə molekulyar biologiyanın əsas istiqamətlərindən birinə çevrildiyini qeyd edib. 

V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev çıxışında müasir dövrdə infeksion xəstəliklər, pandemiyalar və biotexnologiyaların inkişafı fonunda mikrobiologiya və immunologiyanın strateji əhəmiyyətindən danışıb. 

Bakı Dövlət Universitetinin Mikrobiologiya və Virusologiya Elmi-Tədqiqat Laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov isə çıxışında Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının Azərbaycanda mikrobiologiya üzrə elmi məktəbin formalaşması və yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərdiyini bildirib. 

Dünyanın altı ölkəsindən nüfuzlu alimlərin iştirak edtdiyi tədbirdə Türkiyədən professor Asuman Birinci və Rusiyadan professor Yelena Malinnikova da çıxış edərək mikrobiologiya və immunologiya sahəsinin müasir inkişaf istiqamətləri, beynəlxalq təcrübə və aktual elmi çağırışlarla bağlı fikirlərini bölüşüblər. 

Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova “Kafedranın dünəni və bu günü” mövzusunda məruzə ilə çıxış edərək yüzillik inkişaf yoluna nəzər salıb. O bildirib ki, kafedranın əsası 1920-ci illərdə Mikrobiologiya və İmmunologiya kursunun yaradılması ilə qoyulub, 1926-cı ildə isə rəsmi olaraq kafedra fəaliyyətə başlayıb. İlk illərdə malyariya, bruselyoz və digər infeksion xəstəliklərin öyrənilməsi, vaksinlərin hazırlanması istiqamətində mühüm elmi tədqiqatlar aparılıb. 

Professor H.Qədirova qeyd edib ki, sonrakı dövrlərdə milli elmi məktəb formalaşıb, kafedra müxtəlif dövrlərdə görkəmli alimlərin rəhbərliyi ilə inkişaf edib. Hazırda isə burada antibiotiklərə davamlılıq, infeksion və hospital infeksiyaları istiqamətində geniş elmi-tədqiqat işləri aparılır, müasir laboratoriyalar fəaliyyət göstərir. Son illərdə elmi nəşrlərin, dissertasiya müdafiələri və beynəlxalq əməkdaşlıqların sayının artdığı, tələbə və rezident hazırlığının yüksək səviyyədə davam etdirildiyi vurğulanıb. 

Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının marşı təqdim olunduqdan sonra konfrans plenar sessiyalar və müxtəlif istiqamətlər üzrə elmi məruzələrin təqdimatı ilə davam edib.

Paylaş

Dostlarınız ilə paylaşın.