Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Tədris Terapevtik Klinikasında ürək-damar xəstəliklərinin ödənişsiz müayinəsi keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında ürək-damar xəstəliklərinin ödənişsiz müayinəsi keçirilib

    Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ürək-damar xəstəliklərinin ödənişsiz müayinəsi keçirilib. Aksiyanın məqsədi vətəndaşların sağlamlığına vaxtında nəzarət etmək, mümkün risklərin qarşısını almaq və ürək-damar xəstəliklərinin erkən mərhələdə aşkar olunmasına şərait yaratmaqdır.

    Klinikaya müraciət edən vətəndaşlara EKQ və Exo, Damarların arterial və venoz dopler müayinəsi, kardioloqun və invaziv radioloqun konsultasiyası aparılıb, lazımi məsləhətlər verilib. Pasiyentlərin ürək-damar sistemi ilə bağlı şikayətləri dinlənilib, ilkin müayinə və qiymətləndirmə aparılıb.

   Həkimlər tərəfindən təzyiqin ölçülməsi, elektrokardioqram, ümumi vəziyyətin dəyərləndirilməsi və fərdi məsləhətlər verilməsi ilə yanaşı, gələcək müalicə istiqamətləri də müəyyənləşdirilib.

   Aksiya haqda məlumat verən klinikanın invaziv kardioloqu, Radiologiya kafedrasının assistenti İlyas Həsənov bildirib ki, ilk növbədə 45 yaşdan yuxarı insanlarda kardioloji müayinə, eyni zamanda aşağı ətraf, beyin damarlarının həm doppler müayinəsi, həm həkim konsultasiyası aparılıb.

   Vətəndaşlar arasında həm profilaktik məqsədlə, həm də ciddi narahatlıqla bağlı müraciət edənlər olub. Onların hər birinə həkimlər tərəfindən maksimal diqqət göstərilib, lazımi məsləhətlər verilib. Bəzi hallarda müraciət edən şəxslərdə aşkarlanan digər problemlərlə bağlı da mütəxəssis baxışı tövsiyə olunub. Kampaniya çərçivəsində klinikaya müraciət edən xəstələr göstərilən xidmətdən razı qaldıqlarını bildiriblər.

   Akisyada invaziv kardioloqlar Samir Allahverdiyev, Vüsal Xankişiyev, Nicat Babayev, invaziv radioloq İlqar Allahverdiyev, ürək-damar cərrahı Azər Abdullayev və kardiologiya ixtisası üzrə sonuncu kurs rezidentləri iştirak ediblər.

   İki gün davam edəcək aksiyanın ilk günündə 100-dən çox pasiyentin ödənişsiz müayinəsi aparılıb. 

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.