Bizi izləyin:
Heydər Əliyev
Hərbi təbabətin tədqiqat sahələri

Hərbi təbabətin tədqiqat sahələri

     Hərbi təbabət tibb və hərbi elmlərin kəsişdiyi bir elm sahəsidir. Azərbaycanda hərbi təbabət sahəsinin yaranması XX əsrin əvvəllərinə gedib çıxır. Yaralıların vaxtında təxliyəsi, səhra şəraitində tibbi yardımın təşkili və şəxsi heyətin sağlamlığının qorunması ordu quruculuğunun ayrılmaz hissəsi hesab edilir. Müharibələrin nəticələrinin təhlili göstərir ki, peşəkar hərbi təbabət sistemi olmadan uzunmüddətli hərbi əməliyyatları effektiv şəkildə idarə etmək mümkün deyil. 

    Bu gün hərbi təbabət artıq kompleks bir elm sahəsidir. O, yalnız müalicəni deyil, həm də profilaktikanı, tibbi təminatı, sanitariya-epidemioloji təhlükəsizliyi və fövqəladə hallarda tibbi idarəetməni özündə birləşdirib, multidissiplinar elm sahəsi kimi inkişaf edir. 

     “Hərbi təbabət” ixtisası üzrə aparılan elmi tədqiqatlar bir neçə əsas istiqaməti əhatə edir. Hərbi təbabətin əsas tədqiqat istiqamətləri hərbi terapiya, hərbi cərrahiyyə, hərbi gigiyena, hərbi epidemiologiya, hərbi toksikologiya və radiologiya, həmçinin tibb xidmətinin təşkili və taktikasından ibarətdir. 

    Hərbi təbabət ixtisasının “Hərbi terapiya” tədqiqat sahəsi

    Hərbi terapiya sülh, səfərbərlik və müharibə dövründə hərbi qulluqçular arasında inkişaf edən daxili xəstəliklərin etiologiyası, patogenezi, klinik xüsusiyyətləri, diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Əsas məqsəd şəxsi heyətin sağlamlığını qorumaq və onların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaqdır.

     Hərbi təbabət ixtisasının “Hərbi cərrahiyyə” tədqiqat sahəsi

    Hərbi cərrahiyyə müdafiə, həmlə, yürüş və hücum şəraitində yaranan yaralanma və travmaların öyrənilməsi, onların müalicəsi və cərrahi yardımın təşkili ilə məşğul olur. Bu sahə hərbi cərrahiyyənin tarixi inkişafını, elmi-nəzəri və metodoloji əsaslarını araşdırır, müasir dövrdə hərbi-cərrahi fəaliyyətin əsas vəzifələrini müəyyənləşdirir. Müasir klinik-diaqnostik və müalicə üsullarının tətbiqi də bu istiqamətin əsas tədqiqat sahələrinə daxildir. 

    Hərbi təbabət ixtisasının “Hərbi gigiyena” tədqiqat sahəsi 

Hərbi gigiyena sülh, səfərbərlik və müharibə şəraitində hərbi qulluqçuların (çağrışçıların, gənc əsgərlərin) sağlamlığına təsir edən fiziki, bioloji və sosial amillərin öyrənilməsi, onların yaratdığı səbəb-nəticə əlaqələrinin araşdırılması və profilaktik tədbirlərin hazırlanması ilə məşğul olur. Məqsəd şəxsi heyətin sağlamlığını qorumaq, xidmət qabiliyyətini yüksək səviyyədə saxlamaq və orduda sağlam sanitariya mühiti yaratmaqdır. 

    Hərbi təbabət ixtisasının “Hərbi epidemiologiya” tədqiqat sahəsi 

    Hərbi epidemiologiya hərbi təbabətin mühüm sahələrindən biri olub, hərbi kollektivlərdə yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yaranması, yayılması və profilaktikasını öyrənir. Bu sahədə epidemik prosesin hərəkətverici qüvvələri, xəstəliklərin yayılma qanunauyğunluqları, biostatistik təhlil üsulları və xəstəliklərin qarşısının alınması tədbirləri tədqiq edilir. Məqsəd şəxsi heyətin sağlamlığını qorumaq və orduda sanitariya-epidemioloji təhlükəsizliyi tam şəkildə təmin etməkdir. 

   Hərbi təbabət ixtisasının “Hərbi toksikologiya, radiologiya və tibbi mühafizə” tədqiqat sahəsi 

   Hərbi toksikologiya, radiologiya və tibbi mühafizə hərbi təbabətin mühüm sahələrindən biri olub, kimyəvi, nüvə, bakerioloji və digər kütləvi qırğın silahlarının insan orqanizminə təsirini öyrənir. Bu sahədə radioloji və toksiki amillərin orqanizmdə yaratdığı zədələnmə mexanizmləri, onların bioloji təsiri və sağlamlıq üçün törətdiyi ağır nəticələr tədqiq edilir. Məqsəd belə təhlükələrin qarşısının alınması, zərərçəkənlərə vaxtında tibbi yardım göstərilməsi və şəxsi heyətin etibarlı şəkildə qorunmasıdır. 

   Hərbi təbabət ixtisasının “Tibb xidmətinin təşkili və taktikası” tədqiqat sahəsi 

   Tibb xidmətinin təşkili və taktikası (TXTT) hərbi təbabətin mühüm istiqamətlərindən biri olub, orduda tibbi təminat sisteminin səmərəli idarə olunmasını və döyüş şəraitində tibbi yardımın düzgün təşkilini öyrənir. Bu sahə yaralıların və xəstələrin tibbi evakuasiyasının müxtəlif mərhələlərini, müalicə prosesinin təşkilini, tibbi triajı, eləcə də evakuasiyanın planlaşdırılmasını əhatə edir. TXTT tibb xidmətinin sülh, səfərbərlik və müharibə şəraitində idarə edilmə prinsiplərinin elmi əsaslarını öyrənir. 

    Müasir müharibələr yüksək manevr qabiliyyəti tələb etdiyindən tibbi xidmət də sürətli və çevik olmalıdır. Döyüş şəraitində tibbi xidmətin düzgün təşkili minlərlə insanın həyatını xilas edə biləcəyindən tibbi təxliyənin sürətləndirilməsi, mobil hərbi hospital sistemlərinin inkişafı, yaralıların döyüş qabiliyyətinin bərpası, müxtəlif coğrafi döyüş şəraitlərində hərbi hissələrin və müalicə müəssisələrinin yüksək manevr qabiliyyətinin təmin edilməsi bu istiqamətin əsas tədqiqat prioritetlərindəndir. 

    TXTT sahəsində həmçinin tibbi statistikanın inkişaf etdirilməsi, xəstələnmə hallarının proqnozlaşdırılması və onların məişət, sosial və təbii amillərlə əlaqəsinin araşdırılması mühüm əhəmiyyət daşıyır. Fövqəladə hallar, təbii fəlakətlər (zəlzələ, daşqın, sel və s.) və regional hərbi münaqişələr zamanı tibbi yardımın göstərilməsində süni intellekt texnologiyalarından və yeni metodlardan istifadə imkanları da bu sahənin əsas istiqamətlərindən biri sayılır. Bu tədqiqatlar orduda sağlamlığın qorunmasına, tibbi xidmətin daha effektiv təşkilinə və hərbi qulluqçular arasında ictimai sağlamlığın elmi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. 

    Beləliklə, gələcəkdə yeni yaranacaq tibbin yeni sahələri hərbi təbabətin tədqiqat istiqamətlərinə daxil ediləcək və hərbi təbabətin yeni ixtisasları yaradılacaq. Bununla yanaşı, yeni tibbi ixtisasların və tədqiqat istiqamətlərinin yaranması hərbi təbabətin daha da inkişaf etməsinə və müasir müharibələrin çağırışlarına uyğunlaşmasına şərait yaradacaq.

HƏRBİ TƏBABƏTİN TƏDQİQAT SAHƏLƏRİ

 

 

ƏHMƏDOV SALEH BAKİR OĞLU

Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi
Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru (PhD)
Tibb xidməti polkovnik-leytenantı

Paylaş

Dostlarınız ilə paylaşın.