Bizi izləyin:
Heydər Əliyev
ATU -nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib

ATU -nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib

    Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq toksikologiyası və kimya kafedrasının elmi-tədqiqat fəaliyyətində növbəti uğur əldə olunub. Kafedra əməkdaşları Eldar Qarayev, Adilə Vəliyeva, Sara Paşayeva və Nazilə Hüseynova tərəfindən hazırlanmış “Skopolaminin alınma üsulu” adlı ixtira Avrasiya Patent Təşkilatının ekspertizası tərəfindən müsbət qiymətləndirilib və ixtiraya Avrasiya Patenti verilib.

   Təqdim olunmuş ixtira tropan alkaloidlər qrupuna aid olan və tibbdə geniş tətbiq edilən skopolamin maddəsinin respublikamızın florasında yayılmış Datura inoxia Mill. – Hind dəlibəngi bitkisinin yerüstü hissəsindən alınmasının yeni üsulunu əhatə edir. Skopolamin müxtəlif sahələrdə, o cümlədən spazmolitik, qusma və ürəkbulanma əleyhinə preparatların hazırlanmasında, həmçinin cərrahi müdaxilələrdən əvvəl tətbiq olunan dərman vasitələrinin tərkibində istifadə edilir. Bu baxımdan, maddənin əlverişli və səmərəli üsulla əldə olunması əczaçılıq sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

   Patentləşdirilmiş texnologiya skopolaminin bitki xammalından ayrılması və təmizlənməsi prosesinin optimallaşdırılmasına yönəlib. Hazırlanmış üsul mövcud yanaşmalarla müqayisədə məqsədli maddənin daha yüksək çıxımını əldə etməyə, xammaldan istifadənin səmərəliliyini artırmağa imkan verir.

   Avrasiya Patenti ixtiranın yenilik, sənaye tətbiqinə yararlılıq və ixtira səviyyəsi kimi beynəlxalq meyarlara cavab verdiyini təsdiqləyir. Bu patentin əldə olunması Azərbaycan Tibb Universitetində aparılan elmi araşdırmaların yüksək səviyyəsini, universitet alimlərinin innovativ potensialını və beynəlxalq elmi məkanla inteqrasiyasını bir daha nümayiş etdirir.

   Qeyd edək ki, Avrasiya Patent Təşkilatı tərəfindən verilən patent sənədi ixtiranın təşkilata üzv olan bir sıra ölkələrdə hüquqi qorunmasını təmin edir və onun gələcəkdə elmi-tətbiqi və kommersiya perspektivlərini genişləndirir.

   ATU alimlərinin bu nailiyyəti universitetin elmi nailiyyətlərinin beynəlxalq səviyyədə tanınması və ölkəmizdə innovativ tədqiqatların inkişafına mühüm töhfə verir.                                             

                 

Paylaş

Dostlarınız ilə paylaşın.