Azərbaycan Tibb Universitetində (ATU) rəsmi səfərdə olan Ukrayna Respublikası Xarkov Milli Tibb Universitetinin (XMTU) nümayəndə heyətinin iştirakı ilə Tədris Cərrahiyyə Klinikasında elmi seminar təşkil edilib.
Seminarı Elmi Tədqiqatların İdarə Olunması Departamentin müdiri, professor Eldar Qarayev açaraq, qonaqların universitetimizin klinik bazaları, kafedraları ilə tanışlığının davam etdiyini, müxtəlif ixtisas sahələri üzrə müzakirələrin aparıldığını deyib.
Birgə elmi tədqiqatların yerinə yetirilməsi çərçivəsində keçirilən seminarda XMTU-nun prorektoru, professor Oksana Nakoneçna klinikanın əməkdaşları və rezidentləri üçün mühazirə oxuyub. O, təmsil etdiyi universitetin tarixi inkişaf yolundan bəhs edib, hazırkı fəaliyyət sahələri haqda ətraflı məlumat verib. Ağır müharibə şəraitində çalışdıqlarını diqqətə çatdıraraq, məhz bu nöqteyi-nəzərdən hərbi tibb sahəsinin daha çox inkişaf etdiyini vurğulayıb.
Ukraynalı alimin son illərdə apardığı elmi araşdırmalara əsaslanan mühazirəsi ATU-nun auditoriyası tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Seminarda nümayəndə heyətinin tərkibinə daxil olan Klinikadan əvvəl və klinik tədqiqatlar üzrə Elmi-Praktik Mərkəzin direktoru, Pediatriya №2 kafedrasının müdiri, professor Natalya Makiyeva da iştirak edib.