Bizi izləyin:
Heydər Əliyev
Unutqanlıq-səbəbləri, erkən diaqnoz və vaxtında müalicə

Unutqanlıq-səbəbləri, erkən diaqnoz və vaxtında müalicə

Unutqanlığın yalnız yaş artdıqca ortaya çıxması ilə bağlı yayılmış fikir doğru deyil. Bu gün gənclər arasında “eynəyimi hara qoydum?”, “açarları unutdum”, “dünən verilən tapşırıqlar yadımdan çıxıb” kimi şikayətlərə tez-tez rast gəlinir. Bu hallar təsadüfi deyil və onların arxasında konkret səbəblər dayanır.

Başlıca səbəblərdən biri yuxusuzluqdur. Gənclər sosial şəbəkələrdə uzun müddət vaxt keçirməklə, yüksək gərginlik altında qalmaqla və ya telefon qarşısında saatlarla vaxt sərf etməklə özlərini yorurlar. Gec yatmaq və telefona baxaraq yuxuya getmək beynin normal fəaliyyətinə mənfi təsir göstərir və nəticədə yaddaş zəifləyə bilər.

Digər mühüm amil stress və psixoloji gərginlikdir. Xüsusilə yeniyetmə və gənclər üzərində valideynlərin yüksək tələbləri və maksimalist yanaşması daxili gərginlik yaradır. Bu da yaddaş funksiyalarına mənfi təsir göstərir.

Unutqanlığın qarşısını almaq üçün düzgün həyat tərzi, planlı gündəlik rejim və keyfiyyətli yuxu əsas şərtlərdir. Zərurət olduqda isə nevroloji müalicə tətbiq edilməlidir.

Normal yuxu zamanı insanın orqanizmi və beyni bərpa olunur. Əgər yuxu keyfiyyətli deyilsə, enerji balansı pozulur, gün ərzində yorğunluq, başağrısı və digər narahatlıqlar yaranır. Bu səbəbdən, xüsusilə gənclərin yuxu rejiminə ciddi riayət etməsi vacibdir.

Bununla yanaşı, bəzi hallarda yuxu zamanı qeyri-normal vəziyyətlər də müşahidə olunur. Məsələn, yuxuda danışmaq, diksinmək, qəfil oyanmaq, oyanarkən ürəkdöyünmə və həyəcan hiss etmək, hətta yuxuda ayağa qalxaraq müxtəlif hərəkətlər etmək kimi hallar baş verə bilər. Əgər insan səhər oyandıqda bu vəziyyətləri xatırlamırsa, bu artıq normal sayılmır və mütləq mütəxəssisə müraciət olunmalıdır.

Bu cür hallar çox vaxt yuxu pozuntuları ilə əlaqəli nevroloji problem kimi qiymətləndirilir. Dəqiq diaqnoz qoymaq üçün yuxu EEQ müayinəsi aparılır və bu zaman hər hansı patoloji vəziyyətin olub-olmaması müəyyən edilir.

Xüsusilə 50 yaşdan yuxarı şəxslərdə unutqanlıq müşahidə olunarsa, bu halda nevropatoloqla yanaşı, psixiatrın da müdaxiləsi vacib ola bilər. Əgər problem ciddi mərhələdədirsə, müalicə nevroloq və psixiatrın birgə yanaşması ilə aparılmalıdır.

Əgər gənc və ya uşaqda yuxu, qidalanma və gündəlik rejim normal olduğu halda belə, ciddi unutqanlıq müşahidə edilirsə, bu vəziyyət diqqətdən kənarda qalmamalı, mütləq geniş tibbi araşdırma aparılmalıdır. Xüsusilə qəfil başlayan və ya travmadan sonra yaranan unutqanlıq halları ciddi nevroloji problemlərin əlaməti ola bilər.

Bu baxımdan, erkən diaqnoz və vaxtında müalicə həm mümkün ağırlaşmaların qarşısını almaq, həm də sağlamlığın qorunması üçün xüsusi əhəmiyyət daşıyır.

 

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.