Heydər Əliyev
ATU-da Ümumdünya Tütünsüz Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

ATU-da Ümumdünya Tütünsüz Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

     Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Stomatoloji Assosiasiyasının birgə təşkilatçılığı ilə ATU-nun Stomatoloji Tədris Klinikasında 31 May – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

    Konfransı Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Rəna Əliyeva açıb. R.Əliyeva çıxışında Azərbaycanın müstəqillik illərində səhiyyə sistemində, o cümlədən stomatologiya sahəsində mühüm islahatların həyata keçirildiyini xatırladıb.

    Onun sözlərinə görə, bu islahatların uğurla davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və peşəkar fəaliyyətin əlaqələndirilməsi məqsədilə 1997-ci ildə Azərbaycan Stomatoloji Assosiasiyası yaradılıb. Assosiasiya 1998-ci ildə dünyanın 150-dən çox ölkəsinin stomatoloji qurumlarını birləşdirən Ümumdünya Stomatoloqlar Federasiyasına tamhüquqlu üzv qəbul olunub.  Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbirin ilk dəfə Federasiyanın təşəbbüsü ilə keçirildiyini, hazırda da silsilə şəklində davam etdirildiyini vurğulayan professor əlavə edib ki, Assosiasiya 2005-ci ildən Avropa regional stomatoloji qurumunda da təmsil olunur.

   Bundan əlavə, Assosiasiya 2002-ci ildən ölkənin stomatologiya sahəsində yeganə ixtisaslaşmış elmi nəşri olan "Qafqazda stomatoloji yeniliklər" jurnalını nəşr edir və bu jurnal uzun illərdir stomatoloqlar üçün mühüm elmi informasiya mənbəyi rolunu oynayır.

    Çıxışının sonunda natiq stomatologiya sahəsində beynəlxalq əməkdaşlıq və elmi təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək bildirib ki, belə konfranslar müasir bilik və yeniliklərin paylaşılmasına, stomatoloji xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

    Azərbaycan Tibb Universitetinin Doktorantura və dissertantura şöbəsinin müdiri, Terapevtik stomatologiya kafedrasının professoru Rizvan Məmmədov isə çıxışında Azərbaycan Stomatoloji Assosiasiyasının ölkədə stomatologiyanın inkişafına mühüm töhfələr verdiyini bildirib. O qeyd edib ki, professor Rəna Əliyevanın rəhbərliyi ilə hər il elmi-praktik konfranslar, maarifləndirici tədbirlər və profilaktik aksiyalar keçirilir, beynəlxalq stomatoloji yeniliklər ölkəmizə gətirilərək yerli mütəxəssislərlə paylaşılır.

    R.Məmmədov siqaret və digər tütün məhsullarından istifadənin bu gün cəmiyyətin sağlamlığı üçün ən ciddi risk amillərindən olduğunu da nəzərə çatdırıb. Qeyd edib ki, elektron siqaretlər və digər alternativ tütün məhsulları da təhlükəsiz deyil və ürək-damar, onkoloji, tənəffüs sistemi, ağız boşluğu xəstəliklərinin, eləcə də immun sisteminin zəifləməsinin əsas səbəblərindən biri hesab olunur. Ona görə də bu zərərli vərdişlə mübarizə yalnız tibb işçilərinin deyil, bütövlükdə cəmiyyətin ümumi vəzifəsidir.

    Tədbir çərçivəsində mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Daha sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosentləri Məhəmməd Davudov və Lalə Quliyeva, ATU-nun Uşaq stomatologiyası kafedrasının dosentləri Gülşən Zeynalova və Fəridə Yaqubova mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

    Konfrans müzakirələr və sual-cavab sessiyası ilə başa çatıb.

     Qeyd edək ki, tədbirdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan və Tərbiyə işləri üzrə prorektor Mahir Səfərov da iştirak ediblər.

 

Paylaş

Dostlarınız ilə paylaşın.