
Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı ilə Məlhəm Beynəlxalq Hospitalında “Uşaqlıqdan yetkinliyə neyroinkişaf: diaqnostika və multidissiplinar idarəetmə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Azərbaycan Tibb Universitetinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Təranə Tağı-zadə pediatriya sahəsində bilik və bacarıqların artırılması, eləcə də neyroinkişaf pozuntularının erkən diaqnostikası və effektiv idarə olunmasının müasir tibb elminin prioritet istiqamətlərindən biri kimi dəyərləndirib. O, Azərbaycanda da bu istiqamətdə görülən işlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
II Uşaq xəstəlikləri kafedrasının dosentləri Ülviyyə Hacıyeva, Fəxriyyə Məmmədova və Lalə Hidayətova aktual elmi mövzular üzrə məruzələrlə çıxış edərək neyroinkişaf pozuntularının diaqnostikası və müalicəsində müasir yanaşmaları təqdim ediblər.
Tədbirdə həmçinin uşaq nevrologiyası, erkən reabilitasiya, nitq inkişafının ləngiməsi, metabolik risklər və yanaşı xəstəliklərin kompleks idarə olunması ilə bağlı geniş müzakirələr aparılıb.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.