Heydər Əliyev
ATU və Anadolu Universitetinin əməkdaşları beynəlxalq uğura imza atıblar

ATU və Anadolu Universitetinin əməkdaşları beynəlxalq uğura imza atıblar

       Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının əməkdaşları ilə Anadolu Universiteti Əczaçılıq fakültəsinin mütəxəssisləri arasında qurulan əməkdaşlıq yüksək nəticə verib. Nanotexnologiya sahəsində innovativ tədqiqatları və patentləri ilə tanınan dosent Sevil Mehralıyevanın rəhbərliyi altında ərsəyə gələn elmi işin nəticəsi, beynəlxalq "Scopus" bazasında ən yüksək reytinqə (Q1 kateqoriyasına) malik olan "Journal of Drug Delivery Science and Technology" jurnalında dərc edilib.
      Bu tədqiqat işi kafedranın baş laborantı Nigar İsmayılovanın elmi işinin davamı olaraq, daha geniş spektrdə zənginləşdirilib.
      "Phyto-functionalized niosomal gel for acne therapy: Dual delivery of clindamycin and botanical actives..." başlıqlı məqalədə aknenin müalicəsində klindamisin və bioloji aktiv maddələrin niosomal gel vasitəsilə dual (ikitərəfli) daşınma mexanizmi təklif olunur. İşin unikallığı ondadır ki, müəlliflər təklif olunan sistemin effektivliyini müasir in silico (kompüter modelləşdirilməsi), in vitro, ex vivo və in vivo (canlı orqanizmdə) üsullarla hərtərəfli sübut etmişlər. Müasir metodlarla sübut olunan bu sistem, dərman maddələrinin effektivliyini artırmaqla yanaşı, dermatologiyada innovativ nanodaşıyıcıların tətbiqi üçün yeni imkanlar açır.
        Layihənin icrasında dosent Sevil Mehralıyeva və Nigar İsmayılova ilə yanaşı, ATU-nun Farmakoqnoziya kafedrasının baş müəllimi İlhamə Cahangirova və doktorantı Şəhla Cəfərova yaxından iştirak ediblər. Məqalənin əlyazma mərhələsində, elmi nəticələrin beynəlxalq standartlar çərçivəsində təqdim olunmasında və nəşr prosesinin uğurla tamamlanmasında Anadolu Universitetinin professoru Öztürk Alper mühüm və aparıcı rol oynayıb.

  Məqaləyə keçid (DOI): 10.1016/j.jddst.2026.108313

Paylaş

Dostlarınız ilə paylaşın.