

Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Əsmər Astanlı Koreya Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan KAIST (Korea Advanced Institute of Science and Technology) universitetinin təşkil etdiyi “2026 Summer KAI-X Research Internship Program” araşdırma proqramına qəbul təklifi alıb. Elmi tədqiqat və texnologiya sahəsində yüksək nüfuza malik olan bu universitet 2025/26-cı il üzrə QS World University Rankings sıralamasında dünya üzrə 53-cü yerdə qərarlaşır.
Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçilən cəmi 30 tələbə arasında ATU tələbəsi ölkəmizi təmsil edən yeganə iştirakçıdır. O, “Qaraciyər araşdırması” istiqaməti üzrə fəaliyyət göstərən laboratoriyaya qəbul olunub.
Bu beynəlxalq tədqiqat proqramı çərçivəsində tibbi sahədə praktik təcrübə qazanmağı hədəfləyən Ə.Astanlının aparacağı elmi araşdırmaların nəticələrinin nüfuzlu Q1 kateqoriyalı elmi jurnallarda dərc olunması planlaşdırılır.
