Heydər Əliyev
ATU-nun beynəlxalq uğuru: Azərbaycanın bariatrik-metabolik cərrahiyyə təcrübəsi konqresdə yüksək qiymətləndirildi

ATU-nun beynəlxalq uğuru: Azərbaycanın bariatrik-metabolik cərrahiyyə təcrübəsi konqresdə yüksək qiymətləndirildi

    Azərbaycan Tibb Universiteti (ATU) Qazaxıstanın Astana şəhərində keçirilən, ABŞ, Yaponiya, Çin, Türkiyə, Böyük Britaniya, Baltikyanı ölkələr, Monqolustan, Rusiya və digər dövlətlər də daxil olmaqla, 50-dən artıq ölkədən mütəxəssisləri bir araya gətirən “III KasBariMet Astana Konqresi”ndə uğurla təmsil olunub.

   Metabolik və bariatrik (arıqlama) cərrahiyyəsinə həsr olunan beynəlxalq elmi tədbirdə ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərov iştirak edib.

    T.Ömərov konqresdə “Revisional Bariatric-Metabolic Surgery Operation” adlı video-təqdimatla çıxış edərək Azərbaycanın bariatrik-metabolik cərrahiyyə sahəsində əldə etdiyi klinik təcrübəni və tətbiq olunan müasir cərrahi yanaşmaları beynəlxalq auditoriyaya təqdim edib.

   İştirakçılar tərəfindən böyük maraqla qarşılanan məruzədə bariatrik cərrahiyyənin piylənmənin müalicəsində ən effektiv üsullardan biri olduğu vurğulanıb. Lakin ilkin əməliyyatlardan sonra zərurət yaranan revizion (təkrar) bariatrik-metabolik əməliyyatlar yüksək peşəkarlıq, geniş təcrübə və müasir texnologiyaların tətbiqini tələb edir. Bu səbəbdən belə əməliyyatlar yalnız ixtisaslaşmış cərrahlar tərəfindən uğurla icra oluna bilir. Bu baxımdan, ölkəmizin bu sahədə qazandığı praktik və elmi nailiyyətlər konqres iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

   Azərbaycan bariatrik-metabolik cərrahiyyə sahəsində regionun qabaqcıl ölkələrindən biridir. Ölkəmiz bu istiqamətdə fəaliyyətə keçmiş sovet Xəzəryanı respublikalarının əksəriyyətindən daha erkən başlayıb və formalaşdırdığı zəngin təcrübəni Orta Asiya ölkələri ilə bölüşərək regionda bu sahənin inkişafına hazırda da mühüm töhfə verir. ATU nümayəndəsinin belə nüfuzlu beynəlxalq konqresdə iştirakı universitetin elmi potensialının, Azərbaycan tibb məktəbinin beynəlxalq nüfuzunun və ölkəmizin müasir cərrahiyyə sahəsində qazandığı uğurların növbəti təsdiqidir. Bu cür beynəlxalq platformalar elmi bilik və təcrübə mübadiləsini genişləndirməklə yanaşı, yeni əməkdaşlıqların qurulmasına və səhiyyədə innovativ yanaşmaların tətbiqinə də əlverişli imkan yaradır.

   Konqresdə iştirak həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də töhfə verir. Bu, xüsusilə DİM 3 – "Sağlam həyat və rifah" çərçivəsində piylənmənin müasir və effektiv müalicə üsullarının inkişafını, eləcə də DİM 17 – "Məqsədlər naminə tərəfdaşlıq" istiqamətində beynəlxalq elmi əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsini dəstəkləyir.

Paylaş

Dostlarınız ilə paylaşın.