Mayın 4-də ATU-nun 4 saylı tədris korpusunda tələbələr üçün bu qəbildən təlim təşkil olunub. Tədbirin məqsədi Azərbaycanda ilk dəfə olaraq keçiriləcək Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) haqqında sonuncu kurs tələbələrini daha ətraflı məlumatlandırmaqdan ibarət olmuşdur.
Xatırladaq ki, bu il ilk dəfə olaraq ATU-nun müalicə-profilaktika fakültəsinin tələbələri dövlət imtahanını test üsulu ilə verəcəklər. İmtahanlara 6-cı kursda təhsil alan 500-ə yaxın tələbə qatılacaq. Tələbələr həmçinin, bacarıq imtahanı da verəcəklər. Məhz bu imtahan dünya standartlarına uyğun olan yeni üsulla aparılacaqdır.
Müalicə-profilaktika fakültəsinin sonuncu kurs tələbələri qarşısında çıxış edən ATU-nun tədris-metodik və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov bacarıqların tədrisi və qiymətləndirilməsinin müasir tibb təhsilindəki rolundan danışmışdır. Bir neçə il bundan qabaq bacarıqların tədrisinə və qiymətləndirilməsinə başlandığını diqqətə çatdıran professor sonuncu kurs tələbələrinin ən azından minimal həkimlik bacarığına malik olmalarının vacibliyinə toxunmuşdur. O, bacarıqların qiymətləndirilməsi üçün tətbiq olunan Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan klassik imtahanlardan fərqləndiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Müalicə-profilaktika fakültəsində bu ilki Dövlət imtahanları iki mərhələdə keçiriləcəkdir. İmtahanların birinci mərhələsi bacarıqların qiymətləndirilməsi ilə, ikinci mərhələsi isə test üsulu ilə aparılacaqdır.
Daha sonra professor A.Qurbanov tələbələri tətbiq edilcək yeni imtahan üsulunun prinsipləri, aparılma qaydası və qiymətləndirmə meyarları ilə ilə tanış etmiş, onları maraqlandıran suallara cavab vermişdir.
II müalicə-profilaktika fakültəsinin dekanı, dosent Taryel İsmayılov təqdimata görə professor Akif Qurbanova təşəkkürünü çatdırmış və tələbələrə imtahanlarda uğurlar arzulamışdır.
Qeyd edək ki, bacarıq imtahanında tələbələrin toplaya biləcəyi maksimal bal 50, keçid balı 17-dir. Bacarıq imtahanları ATU-nun Tədris Cərrahiyyə Klinikasının Treninq mərkəzində baş tutacaq. Artıq mərkəzdə OSKİ keçirilməsi üçün xüsusi məntəqələr hazırlanmış, lazımi avadanlıqla təchiz edilmiş və digər təşkilati işlər görülmüşdür.