Bu gün Moskva Elmi Tədqiqat Herontologiya İnstitutunun nümayəndələri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qonağı olublar.
Görüş zamanı tibb elmləri doktoru, professor Davud Pənahov qonaqlara klinikanın fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, klinikada tələbələrin yüksək səviyyəli təhsil və təcrübə əldə etməsi üçün hər cür imkan yaradıldığını bildirib.
Qonaqlar klinikanın müxtəlif şöbələri, o cümlədən Tədris Treyninq Mərkəzindəki simulyasiya otaqları ilə tanış olublar. Mərkəzin şöbə müdiri, tibb elmlər namizədi, dos.dr. Qorxmaz Əhmədov qeyd edib ki, simulyasiya otaqları tələbə, həkim-rezidentlər üçün nəzərdə tutulub və dünya standartlarına uyğun ən müasir avadanlıqla təchiz olunublar:
“Burada tələbələr və rezidentlərin biliklərini artırması üçün bacarıq laboratoriyaları fəaliyyət göstərir. MDB ölkələrində analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyatlar quraşdırılıb ki, bu da dünya standartları səviyyəsində gənc mütəxəssis hazırlığını təşkil etməyə imkan verir”.
Qeyd olunub ki, mərkəzdə ABŞ, İsrail və digər ölkələrin istehsalı olan robot-simulyatorlar, anatomik, laparoskopik və endoskopik virtual simulyatorlar, çoxsaylı pediatrik, ginekoloji, cərrahi, uroloji, BBQ (LOR), oftalmoloji, reanimatoloji və s. simulyatorlar və mulyajlar yerləşdirilib.
Qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikasında yaradılmış şəraitdən məmnunluqlarını bildiriblər.