Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Müalicə-profilaktika fakültəsinin dövlət imtahanları keçirilir.
ATU-nun İnnovasiya şöbəsinin müdiri Akif Qurbanovun verdiyi məlumata görə, imtahanlar İmtahan Komissiyasının iştirakı ilə iyun ayının 1-dən etibarən başlayıb və hər gün ayrı-ayrı fənlər üzrə keçirilir: “İmtahanlar hər gün səhər saat 9-dan 3-ə qədər davam edir. Tələbələr yeni üslubda bacarıq imtahanları verirlər. Hər fəndən beş məntəqə, hər məntəqədə bir bacarıq icra etmək şərti ilə imtahan keçirilir. İmtahanda həmçinin dekanlıqların rəhbərlikləri iştirak edir. II Müalicə-profilaktika fakültəsi mama-ginekologiyadan, I Müalicə-profilaktika fakültəsi isə daxili xəstəliklərdən bacarıq imtahanı verir”.
ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı Tariyel İsmayılov isə bildirib ki, imtahanlar mütəşəkkil keçirilir. Onun sözlərinə görə, hər bir fakültədə İmtahan Komissiyasının tərkibi beş nəfərdən ibarətdir: “Bundan əlavə, imtahan götürən müəllimlərimiz də var. Hər bir fən üzrə imtahanda 12-15 müəllim iştirak edir. Bir fakültədə bütün fənlərin imtahanları dörd gün ərzində başa çatır. Bundan sonra tələbələr müvafiq fənlərdən test üsulu ilə imtahan verəcəklər. Sonda isə bacarıq imtahanlarından alınan ballarla, test üsulu ilə yazılmış nəzəri biliklər imtahanının nəticələri toplanacaq və yekun qiymət müəyyən ediləcək. Birinci mərhələnin bir hissəsi 1-4 iyunda keçirilib. Digər hissəsi 8-11 iyunda baş tutacaq. İkinci mərhələ isə 14-18 iyunda keçiriləcək”.