3 dəfə Avropa çempionu olmuş gənc atlet Rüstəm İmanzadə hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və reabilitasiya şöbəsində müalicə alır.
O, yarışların birində bədbəxt hadisəylə qarşılaşıb. Ştanqı başı üzərindən qaldırmaq istəyən idmançımızın sol qolu çıxıb. Müvazinətini saxlaya bilməyən idmançı ştanqı onurğa sütununun üstünə salıb. Bundan sonra idmançı ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Rüstəm bir müddət Moskvada, daha sonra isə Türkiyədə müalicə alıb, ancaq bir o qədər də effektli təsirini görməyib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyeva bildirdi ki, fevral ayının 2-dən etibarən Rüstəm İmanzadənin müalicəsinə başlanılıb və mühim irəliləyişlər əldə olunub: “Demək olar ki, 1 il 6 aydır ki, xəstə əməliyyat keçirib. Tam hərəkətsiz, əlil arabasında gəzən bir xəstədir. Artıq son 1 aydır ki, biz müsbət nəticələr əldə etmişik. Aşağı ətraflarda hissiyat yaranıb”.
Rüstəm İmanzadə bizimlə söhbətində müalicəsindən razı qaldığını bildirdi: “Moskvada, Türkiyədə müalicə almışam. Ancaq bu klinikada gözlə görüləcək effekt oldu. Əvvəl ayaqlarımda güc yox idi. Əzələlərim sıfır vəziyyətində idi. İndi isə şükürlər olsun ki, vəziyyətim müsbətə doğru gedir. Artıq bu gün yarım saat yerimişəm”.