Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin yekun attestasiyasının təşkilinə dair geniş müzakirələr təşkil olunub.
Tədbirdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli rezidentlərin yekun attestasiyasının təşkili ilə bağlı müvafiq hazırlıq işlərinin görüldüyünü açıqlayıb. Qeyd olunub ki, səhiyyə naziri Oqtay Şirəliyev rezidentlərin yekun attestasiyasının keçirilməsi barədə 06.10.2016-cı il tarixdə 64N-li əmr imzalayıb. Bu əmrə əlavədə yekun attestasiyanın keçirilməsi barədə Attestasiya Komissiyası yaradılıb.
Qaydalara uyğun olaraq, yekun attestasiya 2 mərhələdə aparılır. Bunlardan birincisi – test, ikincisi isə praktiki vərdişlərin mənimsənilməsinə ğörə müxtəlif kliniki halların araşdırılması mərhələsidir. Əmrə əsasən, yekun attestasiyanın I mərhələsi oktyabrın 25-də, II mərhələsi isə oktyabr ayının 27 və 28–i tarixlərində keçirilməlidir.
Rektor G.Gəraybəyli xüsusilə vurğulayıb ki, bu il ilk dəfə olaraq rezidenturada həkim mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yekun attestasiya keçiriləcək. Attestasiyanın ilk mərhələsi Azərbaycan Tibb Universitetinin virtual test mərkəzində, II mərhələ ısə Universitetin müvafiq klinikalarında keçiriləcək.
Qeyd olunub ki, əvvəlki illərdə keçirilən yekun attestasiyası zamanı bəzi çatışmazlıqlar qeydə alınıb. Xüsusilə, test suallarının və təcrübi bacarıqların hazırlanmasında bəzi ixtisaslar üzrə tələbatlar lazımi səviyyədə olmayıb. Bu barədə Səhiyyə Nazirliyindən də iradlar bildirilib. Bu çatışmazlıqların aradan qaldırılması məqsədilə xeyli işlər görülüb, ayrı-ayrı ixtisaslar üzrə test sualları və təcrübi bacarıqlara dair suallar yenilənib.
Tədirdə ATU-nun rezidentura şöbəsinin dekanı Rizvan Məmmədov attestasiyanın təşkili və imtahanın keçirilməsi qaydaları haqqında geniş məlumat verdi. R.Məmmədov qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 N-li qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 4.7. bəndinə əsasən, imtahanlar ikipilləli aparılır. I mərhələ - testin nəticələri 50 balla hesablanır. Bu zaman ikinci mərhələyə keçmək üçün minimum 40 bal yığılmalıdır. Kliniki halların araşdırılacağı II mərhələdə təqdim olunan 5 klinikhalın hər biri maksimum10 balla qiymətləndirilir. Bu zaman minimum 30 bal toplanılmalıdır.
ATU-nun tədris işləri üzrə prorektoru professor Sabir Əliyev imtahanların təşkilinə xüsusi diqqət ayrılmasının əhəmiyyətindən söz açıb. Prorektor rezidentlərin auditoriyaya daxil olmasından tutmuş bütün məqamların dəqiqliklə yoxlanılmasının vacib olduğunu bildirib.
ATU-nun Virtual Test Mərkəzinin (VTM) direktoru Şahin Bayramov isə bu il yekun attestasiyaya qatılacaq rezidentlərin sayının çox olmasının onlardan əlavə məsuliyyət tələb etdiyini bildirdi. Onun sözlərinə görə, artıq bütün ixtisaslar üzrə sualllar hazırlanıb virtual test mərkəzinə verilib və təcrübi bacarıqlara dair II mərhələ sualları da təsdiq edilərək komissiya üzvlərinə veriləcək.
Tədbirdə qeyd olunub ki, rezidenturaya ilk qəbul 2011-ci ildə başlayıb. 2013-cü ildə təhsil müddəti 2 il olan ixtisaslar üzrə, 2014-cü ildə təhsil müddəti 2 və 3 il olan ixtisaslar üzrə və 2015-ci ildə təhsil müddəti 2, 3 və 4 il olan ixtisaslar üzrə yekun attestasiyası keçirilib. Bu il isə əlavə olaraq təhsil müddəti 5 il olan cərrahi yönümlü ixtisaslar üzrə də yekun attestasiyası keçiriləçək.
Bu il bütün ixtisaslar üzrə Bakı şəhərində olan bazalardan 356 nəfər yekun attestasiyasına buraxılıblar ki, onların da ayrı-ayrı ixtisaslar üzrə sayı təhsil müddəti 2 il olan 8 ixtisas üzrə-68 nəfər, təhsil müddəti 3 il olan 9 ixtisas üzrə- 81 nəfər, təhsil müddəti 4 il olan 12 ixtisas üzrə-110 nəfər və təhsil müddəti 5 il olan 9 ixtisas üzrə-55 nəfərdir. Bunlardan 115 nəfəri ATU-nun məzunlarıdır. Bundan əlavə, 2015-ci ildə attestasiyaya buraxılmayan 16 nəfər və attestasiyanın I və ya II mərhələlərindən keçə bilməyən 13 nəfər də bu il yekun attestasiyada iştirak edəcəklər.
Tədbirdə ATU-nun professor-müəllim heyəti, Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edirdilər.