ATU tələbələri mükafatlandırıldılar

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bir qrup tələbə ilə görüşüb. Rektor ATU-da keçirilmiş Tələbələr və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresinin aktiv iştirakçılarını qəbul edib, onlara təşəkkürünü bildirərək mükafatlar təqdim edib.

 

Rektor Gəray Gəraybəyli tez-tez tələbələrlə görüşdüyünü, qeyri-rəsmi olsa da, onlarla söhbət edib bir sıra məsələləri müzakirə etdiyini bildirib. G.Gəraybəyli  təəssüflə qeyd edib ki, müasir cəmiyyətdə bəzən insani keyfiyyətlər arxa plana çəkilir, bir çox məsələlər maddiyyat üzərindən qurulur. Bunun qlobal bir tendensiya xarakteri aldığını söyləyən rektor G.Gəraybəyli tələbələrə daha çox özlərinin daxili enerjisinə güvənməyi, hər bir məsələdə təşəbbüskarlıq etməyi məsləhət gördü:

 

“Universitetimizdə 6000-dən artıq tələb təhsil alır. Amma onlar arasında məhz sizlər Tələbə Elmi Cəmiyyətinin aktiv üzvlərisiniz. Buna görə də sizə təşəkkür edirəm və gələcəkdə də daxili əzminizə arxayın olaraq irəliləməyi arzulayıram”. G.Gəraybəyli TEC-in yaradılmasında və fəaliyyətində xüsusi rolu olan professor Amaliya Əyyubovanın bu işdə xüsusi yeri olduğunu qeyd edib.

 

ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Müşfiq Həsənov göstərilən diqqətə və qiymətləndirməyə görə rektora təşəkkürünü bildirdi. O,  Tələbələr və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresi ilə yanaşı TEC fəallarının digər proseslərdə də yaxından iştirak etdiyini vurğulayıb.

 

Görüşün sonunda konqresin işindəki aktiv fəaliyyətinə görə 32 tələbə rektor tərəfindən sertifikata layiq görüldü.