Türkiyənin Yeditepe Universitetinin Tibb fakültəsinin dekanı, sinə cərrahı, professor, doktor Sina Ercan Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Beynəlxalq işlər üzrə prorektor Nadir Zeynalov qonağa ATU haqqında geniş məlumat verib. Onun sözlərinə görə, bu ali təhsil ocağı 1919–cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb. 1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayb: “Universitetimiz bu il müstəqil universitet kimi 86 yaşını, fakültə kimi isə 97-ci yaşını qeyd edib”.
N. Zeynalov bildirib ki, 6 fakültəsi olan bu ali təhsil ocağında 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alırlar. Onlar arasında Türkiyədən olan tələblər üstünlük təşkil edir.
N. Zeynalov qonaqlara ATU-nun imtahan sessiyası, tədris prosesi, rezidentura təhsili və xarici ölkələrlə olan qarşılıqlı əlaqələrindən də söz açıb: “Bizim universitet olaraq 18 ölkə ilə aramızda qarşılıqlı memorandumlarımız var. Qarşılıqlı tələbə və həkim mübadiləsinə çox geniş yer veririk. Türkiyənin də bir çox universitetləri ilə dost əlaqələrimiz var”.
Türkiyənin Yeditepe Universitetinin Tibb fakültəsinin dekanı, sinə cərrahı, professor, doktor Sina Ercan ilk dəfə Bakıda olduğunu və şəhərimizi çox bəyəndiyini qeyd edib: “Bu bizim üçün çox böyük üstünlükdür. Bu il biz artıq 20 illiyimizi qeyd edəcəyik. Bizdə 50-yə yaxın tibb tədris proqramları var. Təhsil ocağımızda 13 fakültə fəaliyyət göstərir, 24 minə yaxın tələbəmiz var”.
Daha sonra söz alan ATU rektorunun müşaviri Zülfüqar Musabəyov bu ali təhsil ocağının rektoru Gəray Gəraybəylinin adından qonağa təşəkkür edib və səslənə bütün fikirlərin qeydə alındığını deyib.
Görüş zamanı tezliklə tərəflər arasında müqavilənin hazırlanıb, imzalanması haqqında danışıqlar aparılıb.
Qeyd edək ki, görüşdə ATU-nun Ağız və üz çənə cərrahiyyəsi kafedrasının müdiri Çingiz Rəhimov, I müalicə-profilaktika fakültəsinin dekanı Qorxmaz Əhmədov da iştirak ediblər.