ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Məhəmməd Davudov bildirmişdir ki, “Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinə qəbul edilən xəstədə aparılan anamnestik məlumatlara görə son iki ildə heç bir müalicə aparılmamış və nəticədə şiş böyük ölçülərə çatmışdır. Xəstə bizə müraciət edərkən artıq udqunmanın və nəfəs almanın çətinləşdiyini bildirmişdir. Beləki xəstə qidalana bilmir və yalnız məcburi oturaq vəziyyəti aldığını söyləyirdi. Belə bir vəziyyətdə təbii ki əsas çıxış yolu olaraq cərrahiyyə əməliyyatı düşünüldü – ilk olaraq şiş götürülməli idi. Lakin şiş çox böyük ölçülərə çataraq həyati vacib orqanalara –yuxu arteriyasına sinirlərə yaxınlaşmışdı.
Qida borusunu, udlağı, nəfəs borusunu sıxaraq onların yerini dəyişmişdi. əməliyyatın icrası çox riskli idi. Hətta əməliyyatdan öncə narkozun verilməsi böyük çətinliklər yaradırdı və anestezioloqdan böyük peşəkarlıq tələb edirdi. Xoşbəxtlikdən əməliyyat zamanı klinikamızın anestezioloji briqadası başda Cavid Paşayev olmaqla bu çətin işin öhdəsindən peşəkarcasına gəldilər. Əməliyyatımız iki mərhələdə icra olundu. Ilkin mərhələdə şiş toxuması ətraf toxumalardan, magistral damar-sinir dəstəsindən ayrıldı. Əməliyyat zamanı hətta daxili yuxu arteriyasının rezeksiya olunacağı təqdirdə klinikamızın damar cərrahlarının iştirakı ilə damar autogrefti icrasını da göz önünə almışdıq. Lakin buna ehtiyac olmadı. Yalnız xarici yuxu arteriyası rezeksiya olundu ki, bu da xəstədə heç bir funksional pozğunluq yaratmadı. Şiş toxuması radikal olaraq xaric edildi.
Ikinci mərhələdə isə əsas əhəmiyyətli məsələ yaranmış olan toxuma defektinin aradan qaldırılması idi. Baş boyun rekonstruktiv cərrahiyyəsində bir çox dilimlərdən istifadə edilir. Bu dilimlər sərbəst damar ayaqcıqlı, damar ayaqcıqlı, bir və ya bir neçə toxuma komponentini özündə birləşdirən dilimlər olur. Hansı dilimin seçilməsi defektin xüsusiyyətindən, hansı strukturların itkisindən, defektin yerindən, xəstənin bədən quruluşu, cinsi və başqa amillərdən asılı olaraq dəyişir. Təbii ki, buna əməliyyat ərəfəsində tam müayinədən sonra cərrah qərar verir. Biz bu xəstədə damar ayaqcıqlı musculus latissimus dorsi diliminin istifadəsinə qərar verdik. Bu növ rekonstruksiya klinikamızda ilk dəfə idi ki, tətbiq olunurdu. Biz bu əməliyyatı müvəffəqiyyətlə icra etdik və torakodorsal damarlarla qidalanan dəri-əzələ dilimi hazırlandı. Qoltuqaltı çuxurdan körpücüküstü nahiyəyə və boyuna bir tunel yaradıldı, hazırlanan dilim bu tunel vasitəsilə boyun nahiyəsindəki defekt sahəsinə çıxarıldı. Dilim defektin üzərinə qoyularaq tikildi. Donor sahəsindəki yara I-li qapandı.
Belə əməliyyatların icrasının uğurlu olması tək bir cərrahdan asılı deyil. Bunun üçün bu sahədə ixtisaslaşmış klinika, əməliyyat bloku və personalı, anestezioloji və reanimasiya xidmət, təbii ki, həmçinin cərrahi komandanın olması vacibdir. Bu səbəbdən uğurlu əməliyyatımız üçün cərrahi əməliyyat bloku personalına, anestezioloq-reanimatoloqlarımıza, rezidentlərimiz Şahin Quliyev, İlqar Əbilov, Ceyhun Hacıyev, Kənan Əmirəliyev və tibb üzrə fəlsəfə doktarantı Şahin Məhəmmədova təşəkkürümü bildirirəm.
Əməliyyat tarixini yanvarın 6-a salmağımız da təsadüfi olmadı. Klinikamızın və kafedramızın uğuru kimi qiymətləndirilən bu əməliyyatı bu uğurlara hamıdan çox sevinən və bizə daim dəstək olan müəllimimiz, kafedramızın müdiri professor Çingiz Rəhimovun doğum gününə hədiyyə olaraq icra etdik.