Biz, Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi nümayəndələri bildiririk ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən 27 il ötməsinə baxmayaraq, Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi dəhşətli qırğını heç bir zaman unutmayacağıq. Həmin gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq öz haqqını tələb edirdi. Azərbaycan xalqının qəhrəman oğul və qızları bir nəfər kimi öz etiraz səsini qaldıraraq dinc vasitələrlə hüquqlarının qorunmasını istəyirdilər. Ancaq Sovet rəhbərliyinin birbaşa göstərişi ilə xalqın bu dinc mübarizəsinə qarşı yeridilən qoşun Bakıda misli görünməmiş qanlı faciəyə səbəb oldu. Belə ki, Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində Bakıda 134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox adam isə haqsız yerə həbs edildi. Qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, o cümlədən uşaqlar, qocalar, qadınlar və əlillər də var idi.
Allahın biz insanlara göndərdiyi müqəddəs Quran kitabında buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz.”
Ümumiyyətlə, şəhidlik ölümlərin ən şərəflisidir. Şəhidlər sərvəri İmam Hüseyn Əleyhissəlamın gözəl bir kəlamı vardır: “Mən ölümü xoşbəxtlik, zalımlara tabe halda yaşamağı isə zillət sayıram.”
Təsadüfi deyil ki, şəhid olmağı əbədi səadətə çatmaq kimi qəbul edən İran xalqı, xüsusilə də İranın gəncləri bu uca mövqeyə çatmaq məqsədilə mübarizənin ən çətin anlarında ölümə meydan oxudular və şəhid olmağa belə hazır oldular. İran Prezidenti möhtərəm Həsən Ruhani şəhidləri böyük qüdrət və mühüm bir sərmayə adlandıraraq demişdir: “Fədakarlıq dərsini şəhidlər və əlillərdən, habelə onların ailələrindən öyrənmək lazımdır.”
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olanda İranın keçmiş Prezidenti Ayətullah Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı vermiş, matəm kitabına ürək sözlərini yazmış və onun İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü qeyd etmişdir. Prezident İlham Əliyev həmçinin demişdir: “Mən bundan sonra da çalışacağam ki, hörmətli həmkarım cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələrini inkişaf etdirim.”
Biz – Azərbaycanda təhsil alan iranlı tələbələr də İran Respublikası və Azərbaycan Respublikası arasındakı mövcud qardaşlıq və dostluq münasibətlərindən məmnunluğumuzu bildirir, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə əmin olduğumuzu bir daha bəyan edirik.
Bəli, artıq 27 ildir ki, dünya, o cümlədən də İran xalqı qanlı 20 Yanvar faciəsini həm Azərbaycan xalqının Ümumxalq hüzn günü, həm də milli vətənpərvərlik günü kimi qeyd edir. Biz bu münasibətlə müxtəlif tədbirlər, o cümlədən konfranslar, sərgilər təşkil etməklə Azərbaycana həmdərd və həmrəy olduğumuzu nümayiş etdirir, cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli”-adlandırmasını alqışlayırıq. Biz, iranlı tələbələrin Azərbaycandaki birliyi olaraq 20 Yanvar faciəsi xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ bütün cinayətləri, terror aktlarını pisləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!