Yanvarın 30-da Böyük Elmi Şuranın növbəti yığıncağını açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələlərin müzakirəsindən əvvəl Elmi-Tədqiqat Mərkəzinin direktoru professor Qalib Qarayevi və IV daxili xəstəliklər kafedrasının müdiri, professor Əlihüseyn Hidayətovun anadan olmalarının 70 illik yubiley münasibətilə təbrik etdi.
Bundan sonra “Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində 2016-cı il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə mərkəzin direktoru, professor Qalib Qarayevin hesabatı dinlənildi.
“Elmi-Tədqiqat Mərkəzinin əsas vəzifələrindən birinin müxtəlif müəssisələrdən ezam olunan əməkdaşlara elmi, metodik və texniki kömək göstərməkdir” - deyən məruzəçi bu istiqamətdə üzərlərinə düşən vəzifə borclarını yerinə yetirdiklərini vurğuladı.
Elmi-Tədqiqat Mərkəzinin əməkdaşlarının 2015-ci ildə elan olunan “Universitet qrantı müsabiqəsi”ndə iştirakını daha uğurlu hesab edən Q. Qarayev bildirdi ki, müsabiqəyə təqdim olunan lahiyələrdən üçü müsabiqənin qalibi olmuş və həmin lahiyələrdən büdcəyə 300 min manat məbləğində vəsait daxil olmuşdur. Həmin vəsait hesabına 21 nəfər əməkdaşın aylıq əmək haqqına müəyyən miqdarda vəsait əlavə edilmiş, 15 adda yeni avadanlıq və reaktiv dəstləri alınaraq mərkəzin maddi-texniki bazası möhkəmləndirilmişdir.
Məruzəçi həmçinin, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor N.Bayramovun müraciəti əsasında rezidentlər üçün eksperimentaI cərrahiyyə şöbəsində təlim otaqları yaradıldığını söylədi.
“Sabahın alimləri” lahiyəsi çərçivəsində Elmi-Tədqiqat Mərkəzində professor R. Axundov və dosent R. Cəfərovanın rəhbərliyi altında hazırlanan məruzələrin gümüş və bürünc medallara layiq görüldüyünü diqqətə çatdıran Q. Qarayev mərkəzdə çalışan əməkdaşların Milli Elmlər Akademiyasının təşkil etdiyi Elm Festifalında 2016-cı ildə də fəal iştirakından, “Sağlamlıq”jurnalının fəaliyyətindən, ETM-in beynəlxalq əlaqələrindən geniş söhbət açdı.
Elmi Tədqiqat Mərkəzində tibbin bütün sahələrini əhatə etmək şərti ilə hərtərəfli elmi tədqiqat işlərinin aparıldığını söyləyən patoloji anatomiya kafedrasının müdiri, professor Ədalət Həsənov buna baxmayaraq tədqiqat işlərinin hamısının burada yerinə yetirilməsi mümkünsüzlüyünü nəzərə çatdıraraq,patohistoloji laboratoriyanın yaradılması və patoloji anatomiya kafedrasının yeni baza ilə təmin olunmasına görə universitet rəhbərliyinə təşəkkür etdi.
Professor Səfixan Həsənov stomatoloji və cərrahi profilli kafedralar istisna olmaqla kliniki kafedralarla mərkəz arasında əlaqələrin aşağı səviyyədə olduğunu söylədi. Növbəti illərdə istər terapevtik, istərsə də pediatrik və cərrahi profilli kafedraların Elmi-Tədqiqat Mərkəzinin mövcüd imkanlarından istifadə üçün əlaqəli mövzuların planlaşdırılmasına xüsusi önəm verməsini məqsədəuyğun saydı.
İnsan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev Elmi-Tədqiqat Mərkəzinə müraciət edən kafedralar üçün əlverişli şərait yaradılmasından, çalışdığı kafedra ilə mərkəz arasında əlaqələrin möhkəmliyindən söz açaraq qeyd etdi ki, son 10 ildə kafedranın 5 nəfər əməkdaşı doktorluq, 6 nəfər əməkdaşı isə fəlsəfə doktorluğu işini bu mərkəzdə başa çatdırıb. “Elmdə qazanılan kiçik bir fakt da elmi zənginləşdirə bilər” fikrini sitat gətirən professor beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə bir informasiya qrupunun yaradılmasına ehtiyac olduğunu dedi.
Məruzəyə və çıxışlara münasibət bildirən rektor dəyişən dünyada böyük tədqiqatlara daha çox üstünlük verildiyini, hansısa bir müəllif tərəfindən yazılan elmi işə nadir hallarda rast gəlindiyini vurğuladı. Hərtərəfli, eyni zamanda çox lakonik məruzədə və çıxışlarda toxunulan bir neçə məqama diqqət yetirən universitetin rəhbəri kafedralararası tədqiqatların vəziyyəti üzərində ayrıca dayandı. Elmi-Tədqiqat Mərkəzinin imkanlarından eyni kafedraların yararlandığını bildirərək qeyd etdi ki, kafedraların daha geniş arsenalı mərkəzə cəlb olunmalı, kafedralar arasında olan tədqiqatlar da burada keçirilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə institutunun mərkəzlə birgə layihələrinin olmasını, bu istiqamətdə işlərin daha da genişlənməsini müsbət qiymətləndirən G. Gəraybəyli elektron mikroskopdan səmərəli istifadənin vacibliyini də önə çəkdi.
Beynəlxalq inteqrasiya imkanlarının getdikcə artdığını vurğulayan rektor əməkdaşlarımızın xarici qrant layihələrində iştirakını, dünyanın qabaqcıl elmi mərkəzləri ilə əlaqələrin qurulmasını, eləcə də rezidentlərin elmi işlərə cəlb olunmasını müasir dövrün tələbatı kimi səciyyələndirdi.
Normal fiziologiya kafedrasının müdiri, professor Arif Məmmədovun Milli Aviasiya Akademiyası tərəfindən AMEA-nın müxbir üzvlüyünə namizədliyinin dəstəklənməsi barədə məktubun göndərilməsinə razılıq verən elmi şura Azərbaycan Tibb Universitetinin “III Cərrahi xəstəliklər” kafedrasının professoru Məmməd Nəsirovun professor-məsləhətçi vəzifəsinə namizədliyinin irəli sürməsi barədə təklifi də təsdiqlədi.
Azərbaycan Tibb Universitetinin “Stomatoloji Klinika”sının adının dəyişdirilərək “Tədris Stomatoloji Klinika” adlandırılmasını da təsdiq edən elmi şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.