Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi ötən il bir sıra qrant müsabiqələrinin qalıbı olub. Mərkəzin üç layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun müsabiqəsində qalib seçilib və onlardan büdcəyə 300 min AZN məbləğində vəsait daxil olub. Həmin vəsait hesabına Elmi-Tədqiqat Mərkəzinə 15 adda yeni avadanlıq və reaktiv dəstləri alınıb, mərkəzin maddi-texniki bazası möhkəmləndirilib.
Mərkəzin icra etdiyi layihələr, ümumiyyətlə ötən il ərzində əldə olunan nailiyyətlər haqqında ATU-nun Elmi-Tədqiqat Mərkəzinin direktoru Qalib Qarayev məlumat verib. Onun sözlərinə görə, qrant lahiyələrindən biri Azərbaycan florası əsasında hazırlanmış fito kompleksin hepatobiliyar sistemə və pozulmuş lipid mübüdiləsinə təsirinin öyrənilməsinə (laihə rəhbəri biologiya üzrə elmlər doktoru R.Ə.Cəfərovadır), digəri “Qaraciyər və yumurtalıq hüceyrələri metabolizmində yaranan disfunksiya vəziyyətinin patogenezində hipotalamusun nüvələrinin rolu və onların tənzimlənmə yolları (lahiyyənin rəhbəri professor Q.Ş.Qarayevdir), sonuncu layihə isə “Eksperimentdə stress reaksiyalarına məruz qalmış hamilələrdə dölün prenatal və postnatal dövrdə neyroendokrin sisteminin formalaşdırılmasının patogenezinin tədqiqi və onun tənzimlənməsi yollarının işlənilməsinə (Layihənin rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent J.B.İsmayılovdur).
Q.Qarayev qeyd edir ki, ötən il Elmi-Tədqiqat Mərkəzinə 34 adda reaktiv alınıb: “Alınmış aparatlar arasında reaktivlər üçün soyuducu şkaf, Ph-metr, immun-ferment analizatoru, işıq mikroskopu, mikroanalizator, spektrofomer və s. tədqiqat aparmaq üçün geniş imkanlar yaradıb. İmmun-ferment analizatoru vasitəsilə biz 2016-cı ildən başlayaraq qanda sitokinlərin təyin etmək imkanı əldə etmişik və bu müayinəni aparmaq üçün artıq bir neçə tədqiqatçı elmi işlərini həmin laboratoriyada müvəffəqiyyətlə aparırlar”.
Q.Qarayevin sözlərinə görə, Elmi-Tədqiqat Mərkəzinin əsas vəzifələrindən biri müxtəlif müəssisələrdən ezam olunan əməkdaşlara elmi işin götürülməsində elmi, metodik və texniki kömək göstərməkdir. İl ərzində Səhiyyə Nazirliyinin 3 idarəsindən ezam olunan 3 nəfərə, Azərbaycan Tibb Universitetinin 16 kafedrasından ezam olunan 23 nəfərə, Azərbaycan Milli Elmlər Akademiyasının 3 institutundan ezam olunan 4 nəfər əməkdaşa elmi tədqiqat işinin yerinə yetirilməsində, elmi, metodik və texniki kömək göstəriblər. Həmçinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan, ezam olunmuş əməkdaşlara da müvafiq yardım edilib. 2016-cı ildə 7 nəfər tədqiqatçı elmi axtarışlarını başa çatdırmışdır. 22 nəfər tədqiqatçı isə işlərini növbəti ildə davam etdirəcəkdir.
Elmi Tədqiqat Mərkəzinin əməkdaşları bir sıra səhiyyə idarələri - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Mərkəzi Klinika, Mərkəzi Neftcilər Xəstəxanasının əməkdaşlarına eksperimentlərin qoyulması üçün texniki və metodik kömək göstəriblər.
2016-cı ildə isə tədqiqatçıların sayı 29 nəfər olmuşdur ki, onların 7 nəfəri elmlər doktoru, 22 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi çərçivəsində tədqiqat işi aparırlar. Ötən il ərzində Elmi-Tədqiqat Mərkəzinə ezam olunmuş 2696 iddiaçı 2100 baş təcrübə heyvanı istifadə ediblər. Onların 950-başını ağ siçan, 1520 başını ağ siçovul, 226 başını dovşan təşkil edib. Biokimya şöbəsində 6 minə, immunologiya şöbəsində 2 minə, toksikologiya şöbəsində isə 2500-ə yaxın müayinə aparılıb. Morfologiya şöbəsində 800 parafin blokda 3 minə yaxın preparat hazırlanıb. Elektron mikroskopiyası şöbəsində isə professor Eldar Qasımovun əməyi sayəsində daha uğurlu nəticələr əldə olunub. Onlar 3 il müddətində daha doğrusu 2014-2016-cı illər ərzində 524 ədəd blok hazırlayıb, onlardan alınan 2418 ədəd yarım-nazik kəsiklərdən 15907 elektronoqramma-şəkil çəkilib.
Mərkəzin rəhbəri bildirir ki, Elmi-Tədqiqat Mərkəzində tədqiqat işi aparan dissertant və doktorantlara daha çox diqqət yetirilir: “Onlara metodik kömək göstərmək daha səriştəli mütəxəssislərə həvalə olunur. Bundan əlavə, dissertantlar və eləcə də digər tədqiqatçılar üçün ayda bir dəfə seminar keçirilir. Bu seminarlarda iddiaçılara elmi işin planlaşdırılması, onun yerinə yetirilməsi qaydaları, təcrübələrin qoyulması və bunun üçün spesifik təcrübə heyvanlarının seçilməsi barədə, alınmış nəticələrin kəmiyyət göstəricilərinin seçilməsi və onun statistik təhlilinin aparılması, məqalənin və dissertasiyasının yazılması qaydaları haqqında məlumat verilir”.
ATU-nun Elmi-Tədqiqat Mərkəzinin direktoru qeyd edir ki, əvvəlki illərdən fərqli olaraq biz daha dəyərli və geniş əhatəli tədqiqat işləri planlaşdırırıq: “Bu işləri planlaşdırarkən biz əsasən praktik səhiyyənin bu günə olan tələbatını nəzərə almışıq. Çalışmışıq ki, apardığımız elmi-tədqiqat işində nəzəri problemlərin həll olunması ilə yanaşı, onların praktik dəyəri də meydana çıxsın və səhiyyə orqanlarında müvafiq problemlərin həllində vacib rol oynasın”.
Q.Qarayev bildirir ki, Elmi-Tədqiqat Mərkəzinin əməkdaşları son 3 ildə gənclərin də peşə yönümündə fəal iştirak edirlər. Respublika Təhsil Nazirliyinin istedadlı gəncləri aramaq üçün “Sabahın alimləri” layihəsi ilə bağlı olaraq Elmi-Tədqiqat Mərkəzi 3 orta məktəbi hamiliyə götürüb. Yasamal rayon 60 saylı və “Gənc istedadlar” orta məktəbinin N.Nərimanov adına 177 saylı orta məktəbin direktorlarının Universitet rektoruna müraciəti əsasında artıq 3-cü ildir ki, şagirdlər Elmi-Tədqiqat Mərkəzində təcrübələr qoyur və onun əsasında hazırladıqları məruzələrlə “Sabahın alimləri” müsabiqəsinə təqdim edirlər.
2015-ci ildə oldugu kimi 2016-cı ildə də mərkəzin əməkdaşları Milli Elmlər Akademiyasının təşkil etdiyi Elm Festivalında fəal iştirak ediblər. Professor R.Axundovun, biologiya üzrə elmlər doktoru R.Cəfərovanın və baş elmi ışçi Y.İsmayılovun bu festivala təqdim etdikləri hər 3 iş maraqla dinlənilib.
Direktorun sözlərinə görə, qarşıdakı müddətdə elektron informasiya sistemlərindən istifadə etməklə dünya mətbuatına daha yaxından inteqrasiya etmək, xarici dillərdə, xüsusilə ingilis dilində məqalələr dərc etdirmək planlaşdırılır. Elektron informasiya sistemindən səmərəli istifadə etmək və xüsusilə qrant layihəsi axtarışlarını təmin etmək məqsədilə Elmi-Tədqiqat Mərkəzində onun ştat çərçivəsində Elektron İnformasiya qrupunun yaradlması nəzərdə tutulur.
Qeyd edək ki, ümumilikdə, ATU-nun Elmi-Tədqiqat Mərkəzi patoloji proseslərin modelləşdirilməsi, eksperimental cərrahiyyə, biokimya, farmakologiya və digər bir sıra qruplardan ibarət olmaqla 108 nəfərlik ştata malikdir. Elmi işçilərin 5 nəfəri elmlər doktoru, 16 nəfəri isə fəlsəfə doktorudur.