Elmi-praktik konfrans
Aprelin 10-da fəlsəfə kafedrasında ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirildi.
Kafedranın müdiri, professor Qoşqar Əliyev konfrans iştirakçılarını salamlayaraq tədbirə qatılan universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayevə yeni vəzifəsində uğurlar arzuladı.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ölkəmizin hər yerində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu deyən kafedra müdiri bildirdi ki, hörmətli rektorumuz akademik Əhliman Əmiraslanovun tövsiyələri əsasında universitetimizdə də yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi nəzərdə tutulub. Ona görə də kafedramızda elmi-praktik konfransı bir az öncə keçirməyi qərara aldıq ki, başqa tədbirlərdə iştirak etmək imkanımız olsun.
Böyük şəxsiyyətlərin yubiley tədbirlərinin keçirilməsini tarixə bir baxış kimi dəyərləndirən Q.Əliyev onların gördüyü işlərin dönə-dönə xatırlanmasının vacibliyini vurğuladı: "Bu baxımdan xalqımız qarşısında nəhəng xidmətləri olan böyük azərbaycanlının-Heydər Əliyevin 90 illiyini qürur hissi ilə qeyd etməliyik. Heydər Əliyev sıradan bir insan, lider olmamışdır. O, sözün əsl mənasında dahi bir siyasətçi idi. Onun millətimiz üçün gördüyü işləri sadalamaqla qurtaran deyil. Bu günkü konfransımızda ulu öndərin nəsillərə örnək olan fəaliyyətinin bəzi məqamlarına diqqət yetirəcək, aparılan tədqiqatlara uyğun olaraq öz fikirlərimizi, təhlillərimizi sizin nəzərinizə çatdıracağıq".
Giriş nitqindən sonra professor Q.Əliyevin "Heydər Əliyevin hakimiyyət fəlsəfəsi", dosent M.Paşayevin "Ümummilli lider Heydər Əliyevin nəzəri irsində Azərbaycan mentaliteti", dosent H.Heydərovun "Heydər Əli-yev ideyaları və xalqın sağlamlığı", dosent M.Bayramovun "Heydər Əliyev və insan problemi", dosent G.Səfərovanın "Heydər Əliyev və Azərbaycan ictimai həyatında qadınların rolu", baş müəllim, fəlsəfə doktoru F.Qəniyevanın "Nauka i obrazovanie kak osnova razvitiə buduheqo", fəlsəfə doktoru E.Sadıqovun "Heydər Əliyev ideyaları, misilsiz tarixi xidmətləri daim yaşamaqdadır" və fəlsəfə doktoru M.Şirinovun "Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir" konsepsiyası" mövzusunda məruzələri dinlənildi.