Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ikinci kurs tələbələri ilə görüş keçirib. Bütün fakültələrlə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet haqda ətraflı məlumat verib. Tədris ilində görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışıb. Rektor G. Gəraybəyli ATU-nun Azərbaycan təhsilində tutduğu mövqedən, o cümlədən gənclərin maariflənməsində müstəsna rolundan bəhs edib.
Görüş zamanı tələbələr onları maraqlandıran sualları rektora ünvanlayıblar. Tədris və təhsil sistemi, eyni zamanda, tələbələri narahat edən sosial məsələlərlə bağlı bir sıra təklif və iradlar səsləndirilib. Hər kəsin sualını ayrı-ayrılıqda cavablandıran rektor Gəray Gəraybəyli bəzi məsələlərin həlli ilə bağlı dərhal göstəriş verib.
İkinci kurs tələbələri bu görüşün təşkilinə görə ali təhsil ocağının rektoruna təşəkkür ediblər. Onlar ATU-dakı təhsil sistemindən razı qaldıqlarını və yeni imtahan üsuluna keçidi müsbət qiymətləndirdiklərini bildiriblər.
Qeyd edək ki, ATU-da müxtəlif kurslar və fakültələrin qrup nümayəndələri ilə görüşlər davam edəcək.