Bu günlərdə Fransanın bir neçə universitetinin nümayəndələri Bakıda səfərdə olublar. Strasburq Universiteti, İCD Business School, CEFAM University, Pol Sabatye Tuluza Universitetinin təmsilçiləri Fransanın Azərbaycandakı Səfirliyinin və Institut Français d’Azerbaïdjan (Fransız İnstitutu) təşkil etdikləri sərgidə iştirak ediblər.
Səfər çərçivəsində fransalı qonaqlar Azərbaycanın bir sıra universitetlərini, o cümlədən Azərbaycan Tibb Universitetini (ATU) də ziyarət ediblər. ATU-nun da iştirakçısı olduğu Erasmus Mundus MEDEA layihəsinin koordinatoru, Pol Sabatye Tuluza Universitetinin nümayəndəsi Oksana Kunduzova ATU-nun Tədris Terapevtik və Tədris Cərrahiyə klinikalarında qonaq olub. Bu müəssisələrlə tanışlıqdan sonra xanım Kunduzova Tədris Terapevtik Klinikanın direktoru, professor Hüseyn Qabulov və Tədris Cərrahiyyə Klinikasının baş həkimi, Professor Rauf Ağayevlə görüşüb.
Görüş zamanı partnyor univeritetlərin klinika əməkdaşları arasında təcrübə və elmi mübadilənin istiqamətləri müzakirə olunub, bunun hər iki tərəf üçün faydalı olacağı vurğulanıb. Eynu zamanda, bu cür layihələrin gələcəkdə də davam olunmasını vacibliyi vurğulanıb.
Fransalı qonaqların iştirakilə “ADA” Universitetində keçirilən ictimai müzakirələrdə Azərbaycan Tibb Universitetinin əməkdaşları da iştirak ediblər. Tədbirdə universitetlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub. Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşez və digər iştirakçılar iki ölkə arasında təhsil və elm sahəsində əməkdalığın möhkəmlənməsinin vacibliyini qeyd ediblər.