Cibuti Səhiyyə Nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
Cibutinin Səhiyyə Naziri Dr. Cama Elmi Okieh, Səhiyyə Nazirliyinin nümayəndələri, Cibutinin ölkəmizdəki səfiri Məhəmməd Ali Kamil, o cümlədən Azərbaycandakı Cibutidəki səfiri Elman Abdullayevin daxil olduğu nümayəndə heyəti ilə ATU rektoru, professor Gəray Gəraybəyli arasında bir çox məsələlərlə bağlı müzakirə aparılıb.
Görüşdə professor Gəray Gəraybəyli qonaqlara universitetin fəaliyyəti, ATU-dakı mövcud tədris və təhsil sistemi, tələbələrin keyfiyyətli təhsili üçün yaradılan şərait haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, hazırda ATU Azərbaycanda tibb təhsili verən yeganə ali təhsil ocağıdır: “Universitetimiz təkcə Azərbaycan deyil, dünya üzrə də tanınan təhsil ocağına çevrilməkdədir. Məhz bu səbəbdən bir çox xarici ölkədən olan tələbələrimiz var, və hər il əcnəbi tələbələrin sayı artır. Xarici tələbə sayına görə ATU digər universitetlərlə müqayisədə demək olar, birincidir. Universitetimiz son illər beynəlxalq əlaqələrin genişlənməsinə böyük diqqət yetirir. Bir çox xarici universitetlərlə sıx əlaqələrimiz, qarşılıqlı əməkdaşlıq sazişlərimiz var”. Rektor bildirib ki, ATU-nun beynəlxalq əlaqələri yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır. Həmçinin, universitet nəzdindəki klinikalar bir çox ölkələrdən mütəxəssislər qəbul edir, onların iştirakilə elmi konfranslar, seminar və təlimlər keçirilir.
Rektor G.Gəraybəyli bu görüşün gələcəkdə iki ölkənin səhiyyə və təhsil sahəsində ciddi əlaqələrin qurulması istiqamətində atılmış böyük addım olacağından əminliyini qeyd etdi: “Azərbaycan və Cibuti arasında yüksək səviyyəli münasibətlər mövcuddur və bu əlaqələr inkişaf edir. İnanıram ki, həm səhiyyə sistemində, həm də təhsil sektorunda əməkdaşlıq, birgə layihələrin aparılması hər iki tərəf üçün faydalı olacaq”.
Cibutinin Səhiyyə Naziri Dr.Djama Elmi Okieh Azərbaycanda olmasından məmnunluğunu bildirdi. O, səhiyyə naziri Oqtay Şirəliyevlə görüş haqqında məlumat verərək səhiyyə və tibb təhsili sahəsində əməkdaşlıqda maraqlı olduqlarını dedi: “Bizim ən böyük sərvətimiz insan resurslarıdır. ATU Azərbaycanda özünün nüfuzu ilə tanınan, seçilən universitetlərdəndir. Çox istərdik ki, ATU-nun əcnəbi tələbələri arasında bizim ölkənin gəncləri də olsun”.
Daha sonra ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov görüş iştirakçılarına ATU-da xarici vətəndaşların təhsil şərtləri, qaydaları haqqında geniş məlumat verdi. O, ATU-da ümumilikdə 7000-ə yaxın tələbənin təhsil aldığını, bunlardan 1500-nün xarici tələbələr olduğunu dedi. Qeyd olundu ki, hazırda ATU-da 26 ölkədən tələbələri müxtəlif əsaslarla təhsil alırlar. N.Zeynalov həmçinin qonaqlara ATU-nun xarici tələbə yataqxanası haqqında, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil olunan tədbirlərdən də danışdı.
Görüşdə qarşılıqlı əməkdaşlığın yaranması və inkişaf etdirilməsinə dair maraqlı müzakirələr aparıldı.