Beynəlxalq əlaqələrin güclənməsinə, kadrların bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirən Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssisləri mütəmadi olaraq xarici dövlətlərdə staj keçir, təcrübələri artırırlar. ATU-nun ümumi və toksikoloji kimya kafedrasının assistenti Kəmalə Bədəlova altı ay müddətində İspaniyanın nüfuzlu universitetində çalışıb.
K.Bədəlova, ATU-da Rəhimə Qabulovanın koordinatoru olduğu “Erasmus Mundus Medea” layihəsi çərçivəsində İspaniyaya təqaüd qazandığını bildiərək dedi ki: “Mən Santiago De Compostela Universitetində “Analitical chemistry” (analitik kimya) kafedrasında işə başladım. Ötən ilin sentyabrından bu ilin aprelinə kimi bu proqram daxilində İspaniyada çalışdım. ATU-nun ümumi toksikoloji kimya kafedrasında elmi rəhbərim həmin kafedranın müdiri professor Qayıbverdi İsgəndərov, Santiago De Compostela Universitetində isə kafedra müdiri Antonio Marida Pinera olub”.
K.Bədəlova İspaniyada doktorantura proqramı çərçivəsində yarım il ərzində İspaniyada iki mövzu üzrə tədqiqat aparıb. Bu müddət ərzində “Dəniz məhsullarında qurğuşunun təyini” və “İnsan orqanizmində titanium oksid və gümüş nano hissəciklərinin təyini” mövzusunda ciddi araşdırma ilə məşğul olub: “Bu hissəciklər insan orqanizmində toksikoloji rol oynayırlar. Lakin tibbdə bunlardan dərman kimi də istifadə olunur. Tədqiqat nəticəsində çox yaxşı və maraqlı nəticələr aldıq. Santiago De Compostela Universitetinin kimya fakültəsində və analitik kimya kafedrasında QT qrupu çərçivəsində ətraflı təqdimatla çıxış etdik”.
Kəmalə Bədəlova İspaniyada işlədiyi müddətdə həm də ictimai aktivlik nümayiş etdirib, Azərbaycanın hərtərəfli tanıdılması istiqamətində tədbirlər təşkil edib. K.Bədəlova universitetdə keçirilən “İnternational Day” Beynəlxalq yarışmasında Azərbaycanın mədəniyyəti, təbii sərvətlərinə dair təqdimatla çıxış edib. Bu haqda yerli mediada məlumatlar yayımlanıb. ATU nümayəndəsi, həmçinin, Azərbaycanın İspaniya təmsilçisi qismində Dünya Azərbaycanlıları Assambleyasının Köln Forumuna qatılıb.
K.Bədəlova ümid edir ki, İspaniyada əldə etdiyi nailiyyətləri yaxın zamanlarda Azərbaycan Tibb Universitetindəki işində tətbiq edə biləcək. Və bu qarşılıqlı tədqiqatlar iki ölkənin universitetləri arasında əlaqələrin daha da möhkəmlənməsinə, yeni qarşılıqlı layihələrin ortaya çıxmasına səbəb olacaq.