Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Revmatoloji xəstəliklərin müasir diaqnostika və müalicə metodları” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev bildirib ki, revmatoloji xəstəliklər təkcə tibbi deyil, həm də sosioloji problemdir: “Bu xəstəlikdə insanlar əsasən əmək qabiliyyətini itirirlər. Ona görə bu xəstəliklərin vaxtında diaqnostikası və müalicəsi xəstəliyin proqnozunu və həmin xəstələrin əmək qabiliyyətini müəyyənləşdirir. Ümumiyyətlə, revmatoloji xəstəliklərin 200-dən çox nozoloji vahidi var, buna görə də ən aktual problemlərdən sayılır. Təkcə ABŞ-da revmatik xəstəliklərə çəkilən xərclər hipertoniya və şəkərli diabet xəstəliyinə çəkilən xərclərdən 5-6 dəfə çoxdur. Dünyanın bütün coğrafi zonalarında demək olar ki, revmatoid artirit xəstəliyinə rast gəlinir. Hazırda bu xəstəliyin müasir müalicə metodları var və insanlar bunun sayəsində onda olan xəstəliyi tez bir zamanda aşkarlaya bilirlər”.
Tədbirdə klinikanın Revmatologiya və qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev “Revmatoloji xəstəliklərdə xroniki ağrı sindromun müalicəsi” mövzusu ilə çıxış edib.
S.Musayev qeyd edib ki, revmatik xəstəliklər bəşər tarixinin ən ciddi xəstəliklərindən biridir: “Dünya əhalisinin təqribən 1,2%-i bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda isə təqribən 100 mindən artıq insan revmatoid artiritlidir. Bu xəstəlik hər bir insanın həm ailəsi, həm də özü üçün sosioloji problemdir. Revmatik xəstəliklərdə ağrı ilə müşayiət olunan çoxlu nozoloji forma vardır.
Cəmiyyətdə elə bir insan yoxdur ki, onda 40 yaşından sonra ağrı sindromu olmasın. Bu da faiz göstəricisi ilə 85% təşkil edir. Ağrı kəskin və xroniki ağrı ilə xarakterizə olunur. Kəskin ağrını dərman vasitələri ilə aradan qaldırmaq olur, amma ağrı xroniki olduqda isə artıq bu, simptom deyil, xəstəlikdir.
Revmatik xəstəliklərdə ağrıların nozoloji vahidlərinə gəlincə, burada birinci yeri bel ağrıları tutur.
“İkinci yerdə isə belin aşağı hissəsinin və diz ağrıları qərarlaşır. Bu da çox geniş yayılmış xəstəlikdir. Qadınlar arasında ən çox yayılmış xəstəlik isə ostreartoz yəni, diz ağrılarıdır. Kişilərdə isə bud-çanaq oynağının zədələnməsi üstünlük təşkil edir.
İdmançılar arasında da ostreoartoz xəstəliyi geniş yayılıb.
Azərbaycanda padaqra çox geniş yayılmış xəstəliklər sırasına daxildir. Bu xəstəlik ən çox hündür daban ayaqqabı geyinən xanımlar arasında, əsasəndə menapauzadan sonrakı dövrdə baş verir. Qadınlarda klassik padaqra ilk olaraq dizdən başlayır.
Maraqlı bir fakt ondan ibarətdir ki, dünyanın ən dahi insanları - Napoleon, Motsart, Puşkin və başqa məşhurlar bu xəstəliyə tutulub”.
Daha sonra fizioterapiya və idman kafedrasının dosenti Paşa Mehdiyevin “Revmatoloji xəstəliklərin müalicəsində fiziki üsulların tətbiqi” mövzusunda çıxışı dinlənilib.
O bildirib ki, bu, təbabətin ən aktual problemlərindən biridir və hətta, gənc yaşda insanların əlil olmasına qədər gətirib çıxarır:
“Revmatoloji xəstəlik insanların həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də xüsusi diqqət, qayğı, müayinə və müalicə tələb edir. Burada istənilən müalicə üsulu həmin insanın həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olursa, bunu nailiyyət kimi qiymətləndirmək olar. Revmatoloji xəstəliklərdə fiziki amillərdən istifadə etdilmədikdə o müalicənin keyfiyyəti çox aşağı olur”.
P.Mehdiyev fizioterapiyada ən çox istifadə olunan müalicə üsulları barəsində danışaraq, qeyd edib ki, burda xəstəliyin aktivlik dərəcəsinə önəm verilir.
“Naftalan nefti ilə terapiya dünyada analoqu olmayan müayinə üsuludur. Masaj, mineral sularla müalicə də effektiv müalicə üsullarından biri sayılır və geniş istifadə olunur”.
Tədbirin davamında həkim-laborant Nurlanə Mamyayeva “Revmatoloji xəstəliklərin laborator diaqnostikası” mövzusunda çıxış edib.
O bildirib ki, müasir standartlara cavab verən Tədris Terapevtik Klinikanın laboratoriyası ən yeni cihazlarla təmin olunub və geniş xidmət sahəsinə malikdir.