Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında iki xəstənin kliniki təhlili aparılıb.
Təhlillərin əvvəlində çıxış edən direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev belə təhlilləri keçirməyin önəmindən danışıb.
O bildirib ki, əsas məqsəd ağır xəstələri professor və həkimlərin iştirakı ilə təhlil etmək, həmçinin klinikanın tədris yönümlü olduğunu nəzərə alaraqtələbə və rezidentlərin də bura cəlb edilməsini həyata keçirməkdir. Çünki, kliniki təhlillərin aparılması çox vacib və məqsədəuyğundur.
A.Nuriyev kardiologiya şöbəsinə çox ağır vəziyyətdə gətirilən xəstə ilə bağlı danışıb. O deyib ki, belə ağır xəstələri tələbələrin və rezidentlərin də görməyi çox vacibdir. Onları belə ağır xəstəliklərlə bağlı məlumatlandırmaq, maarifləndirmək bizim əsas vəzifəmizdir. Çünki, bu xəstəliklər nadir yayılan xəstəliklər sırasına daxildir.
Daha sonra moderatorluğu professor Mehman Ağayevə məxsus 31 yaşlı -uzun müddət kəskin tubulointerstisial nefritdən əziyyət çəkən xəstə ilə bağlı Şəhla İsmayılova danışıb.
Kəskin tubulointerstisial nefrit xəstəliyi haqqında məlumat verən Ş.İsmayılova bu xəstəliyin böyrəklərin kəskin xəstəliyi olduğunu bildirib.
“Bu, ekzo- endogen faktorların təsirinə qarşı cavab olaraq, əksər hallarda kəskin böyrək zədələnməsinin inkişafı ilə müşayiət olunan böyrəklərin interstisial toxumasında iltihabi dəyişiklərin baş verməsi ilə səciyyələnir.
O, 31 yaşlı kəskin böyrək zədələnməsi ilə ağırlaşmış, diaqnoz şərhi isə qeysəriyyə əməliyyatından sonra qeyri-steroid iltihab əleyhinə (QSİPƏP) preparatların qəbulundan sonra ağırlaşmış xəstə ilə bağlı çıxış edib.
“Burda məqsəd xəstəliyin o qədər də az rast gəlinmədiyini diqqətə çatdırmaqdır. Bu xəstəlikdə diaqnozu vaxtında qoymaq çox çətindir. Bu, kəskin nefroloji xəstəliklər qrupunda ayrıca nozoloji vahid kimi götürülür. Son zamanlar revmatoloji xəstəliklərin artması fonunda QSİPƏP təyini artdığındankəskin tubulointerstisial nefritin profilaktikası qətiyyən nəzərdən yayınmamalıdır”.
Ş.İsmayılova sonda xəstəliyə diaqnoz qoymaq üçün mütləq böyrək biopsiyası aparılmasının vacib olduğunu da diqqətə çatdırdı.
2-ci – 12 yaşlı xəstə ilə bağlı dosent Rauf Bəylərovun moderatorluğu ilə Mədinə Hacıyevanın çıxışı dinlənildi.
M. Hacıyeva uşaqlarda sidik ifrazat sistemi xəstəlikləri arasında nefrotik sindroma çox tez-tez rast gəlindiyini bildirdi.
“Bu xəstəlik geniş yayılmış xəstəliklər sırasına daxildir. Ona görə də çalışdığımız qədər bu xəstəliklə bağlı müzakirələrə geniş yer verməliyik. Bu gün bizim bu xəstəni təhlil etməyimizdə əsas məqsəd də tələbə və rezidentləri maarifləndirmək, eləcə də uşağın həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etməkdir.
M. Hacıyeva bu uşağın 1 yaşından nefrotik sindromdan əziyyət çəkdiyini qeyd edib. Uşaq klinikamıza sidik ifrazının azalması və bütün bədəndə ödem şikayətləri ilə gətirilmişdi. Həkimlərin səyi nəticəsində onun müalicələrində irəliləşlər var və ümid edirik ki, bunlar nəticəsiz qalmayacaq”.
Klinik təhlil professor-həkimlərin müzakirəsi ilə davam etdirilib.