Astma geniş yayılmış xəstəliklərdən biridir və hazırda dünyada 150 milyon nəfər bronxial astmadan əziyyət çəkir. Təxmini hesablamalara görə, ölkəmizdə xəstəliyə yoluxma faizi əhalinin 5-8 faizi civarındadır.
Lakin ekologiyanın pozulması və genetik səbəblərdən xəstələrin sayı ilbəil arta bilər. Xəstəliyin yayılmasında irsi faktorlar çox böyük rol oynayır. Bronxial astmanın yayılmasının digər ən mühüm yayılma yolu məişət gənələridir. Çox kiçik, mikroskopik ölçüdə olan həmin gənələr üçün yataq dəstində, yorğan-döşəkdə olan 37 dərəcə temperatur, yüz faiz nisbi rütubət münbit şərait yaradır. Ona görə də yaşayış şəraiti pis olanda, o cümlədən yataqxana və zirzəmidə məişət gənələrinin inkişaf etməsi və yayılması daha rahat olur.
Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Səhiyyə Nazirliyinin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov keçirdiyi mətbuat konfransında xəstəliyin yayılma şəraiti ilə yanaşı, onun profilaktikası barədə də geniş məlumat verib: “Məişət gənələrinin ən çox qorxduğu günəş şüalarıdır. Ona görə biz xəstələrə həmişə günəş işığının daha çox düşdüyü otaqda yaşamağı məsləhət görürük. Otaqdakı səliqəsizlik, bir çox əşyaları üst-üstə yığmaq da həmin gənələrin inkişafına səbəb olur. Yastıq, yorğan və döşəyin tez-tez dəyişilməsi də vacib profilaktik şərtdir. Gənələr tükdən və yundan olan yataq dəstini çox sevirlər, onları sinteponla əvəz etmək də onun çoxalmasının qarşısını ala bilər”.
Astma xəstəliyinin diaqnostikası, onunla mübarizə tədbirləri barədə ətraflı məlumat verən professor ölkəmizdə onun yayılma arealından da danışıb. Baş allerqoloqun dediyinə görə, Abşeron regionunda dənizə yaxınlaşdıqca onun yayılması və çoxalması üçün daha əlverişli mühit yaranır. Sonrakı yerdə Lənkəran-Astara zonası gəlir. Naxçıvanda da astma xəstələrinin sayı çoxluq təşkil edir. Lakin dağlıq və dağətəyi rayonlarda onun əmələ gəlməsi üçün o qədər də münbit şərait yoxdur.
Mətbuat konfransında C.Məmmədov xəstəliyin əlamətləri barədə danışarkən deyib: “Xəstələrin 70-80 faizində astma tutmalarından əvvəl burun axmaları başlayır. Təəssüf ki, bəzən həmin əlamətləri qripə oxşadır və dəyişik salırlar. Əslində isə həmin əlamət astmaqabağı allergik rinitdir. Ona görə də allergik rinit əlamətləri yarananda xəstə otolarinqoloq yox, ilk növbədə, allerqoloq müayinəsindən keçməlidir. Allergen əlamətlər aşkar edildikdə spesifik immunoterapiya vasitəsilə xəstəliyin qarşısını almaq mümkündür”.
Professor onu da qeyd edib ki, allergik rinit dövründə xəstəliyi sağaltmaq olar, lakin xroniki hala keçəndən sonra onu etmək mümkünsüz olur. Lakin bu, heç də astmanın müalicəsiz olduğu kimi başa düşülməməlidir. Astma tam sağalmasa da, müalicəyə tabe olan xəstəlikdir. Düzgün həkim müalicəsi alanda xəstəlik heç də qorxulu deyil və ona yoluxanlar uzun ömür sürə bilərlər. Ona görə də düzgün həkim seçimi də bu sahədə heç də az əhəmiyyət kəsb etmir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar da verilib.