Bu gün Azərbaycan Tibb Universitetində (ATU) imtahan nəzarətçiləri ilə toplantı keçirilib.
Tədbiri açıq elan edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, profesor Sabir Əliyev bu il imtahana nəzarətin başqa formatda həyata keçiriləcəyini bildirib: “Ayrı-ayrı kafedralardan 3-4 müəllim birbaşa imtahana nəzarət etmək üçün dəvət olunub. Bəzi müəllimlər ilk dəfə imtahanda nəzarətçi qismində iştirak edəcək. Bütün nəzarətçilərdən hədsiz diqqət tələb olunur”.
ATU-nun Virtual Test Mərkəzinin (VTM) direktoru Şahin Bayramov çıxış edərək, mərkəz haqqında qısa məlumat verərək, imtahanda nəzarətçilərin görəcəyi önəmli işdən danışıb. O bildirib ki, VTM-də iki kompüter zalında 250-yə yaxın kompüter quraşdırılaraq, lokal şəbəkədə birləşdirilib və ümumi server vasitəsi ilə idarə edilir. Bu mərkəzdə bir gündə 1000 nəfərdən çox tələbə imtahan verə bilir. İmtahan prosesinin şəffaflığını təmin etmək üçün hər bir kompüter zalında yerləşdirilmiş xüsusi veb-kameralar vasitəsilə imtahan prosesinin vidio-yazılışı aparılır: “İlk olaraq sizi təbrik edirəm ki, imtahanda nəzarətçi qismində seçilmisiniz, bu etimadı doğrultmusuz. Nəzarətçilərə əlbəttə ki, imtahan prosesində böyük yük düşür. Məsələn, nəzarətçi imtahana geciksə, bütün imtahan axsıyar. Ona görə də bu cür hallar baş verməməli, tələbələri yoxlama güclü şəkildə aparılmalıdır”.
ATU-nun imtahana nəzarət qrupunun rəhbəri, dosent Kamandar Yaqubov nəzarətçilərin üzərinə düşən konkret vəzifələrdən danışıb. Bildirib ki, imtahanda iştirak etmək üçün 136 nəfər nəzarətçinin əmri verilib: “Nəzarətçilər imtahanın gedişində ən əsas insanlardan biridir. Nəzarətçilərin ən birinci vəzifəsi tələbələrin, əyləşdirilməsidir. Çünki iki tələbə eyni fəndən imtahan verərsə, yanaşı düşməməlidir. Onun sağında-solunda əyləşən tələbələr digər fənlərdən imtahan verməlidir. Buna diqqət edilməlidir. İmtahan başlayandan sonra isə tələbələrin heç bir vasitədən istifadə etmədiklərinə əmin olmalıdırlar. Həmçinin imtahan zamanı onların səhifələrinə baxmalıdır, başqa bir şəxsin yerinə imtahan vermədiklərini izləməlidirlər”.
K. Yaqubov bildirib ki, əmri verilən şəxslər artıq may ayının 3-dən doktorantların imtahanlarında iştirak edirlər. Onlar həmçinin VI kursun mayın 12-dən başlayacaq semestr imtahanlarında və iyun ayının 1-5-dək semsetr və dövlət imtahanlarında iştirak edəcəklər.
Görüşdə qeyd olunub ki, seçilmiş müəllimlər Yay məktəbinin imtahanlarına da nəzarət edəcəklər.