Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli bu ali təhsil ocağında çalışan İkinci Dünya müharibəsi veteranları ilə görüşüb.
Rektor G.Gəraybəyli faşizm üzərində qələbənin 72-ci ildönümü – 9 may Qələbə Günü münasibətilə “1941-1945-ci illər Vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmiş arxa cəbhə veteranlarını universitetin professor-müəllim heyəti və tələbələri adından təbrik edib: “Uşaq olanda çox bayramları qeyd edirdik. Amma 9 may Qələbə Günü hər zaman bu bayramlar içərisində xüsusi yer tutub. İstər məktəbdə, istərsə də baba-nənələrimizdən müharibə haqqında öyrəndiklərimiz bu bayramın əhəmiyyətini daha da artırırdı. XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Çox təəssüf ki, Qələbə bayramı bir müddət qeyd olunmadı. Ancaq ulu öndərimiz Heydər Əliyev bu bayramın da qeyd olunmasının bərpasına nail oldu”.
Daha sonra ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov rektorun əmri ilə tədbir iştirakçılarını tanış etdi. Əmrə əsasən arxa cəbhə veteranları - ATU-nun Kommunal və qidalanma giyenası kafedrasının professoru Maqsud Qasımov, Uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti Rəhim Orucov universitet rəhbərliyi tərəfindən pul mükafatı ilə mükafatlandırıldılar.