Azərbaycan Tibb Universiteti zəngin kitabxanaya malikdir. Bunu kitabxanadakı ədəbiyyatın sayı, müxtəlif bölmələri əhatə etməsi də sübut edir. ATU-nun əsaslı kitabxanasının direktoru Ziyafət Eminova deyir ki, hazırda burada 687 minə yaxın (686.725) dərslik və elmi ədəbiyyat saxlanılır: “Kitabxanada yeddi şöbə fəaliyyət göstərir. Bunlar - oxuculara xidmət şöbəsi, elmi fond, dissertasiya və aftoreferatlar fondu, elmi biblioqrafiya şöbəsi, elmi kitab işləmə və kataloqlaşdırma şöbələridir”.
Z.Eminovanın sözlərinə görə, kitabxana fondundakı nəşrlər tibb üzrə mütəxəssislərin hazırlanmasında böyük rol oynayır. Lakin əsaslı kitabxanadan təkcə tələblər yox, eyni zamanda müəllim və tədqiqatçılar da istifadə edirlər: “Hazırda vahid oxucu bilet üzrə 11 minə yaxın oxucumuz var. Onlardan yalnız 8271 nəfəri tələbədir. Kitabxana nəzdində həmçinin müəllimlər üçün ayrıca oxu zalı və elmi ədəbiyyat fondu fəaliyyət göstəir ki, bu şöbələr müəllim heyəti üzvlərinin və tibb sahəsi üzrə tədqiqat aparan mütəxəssislərin işinə çox yarayır”.
ATU-nun əsaslı kitabxanasında unikal bir layihə də fəaliyyət göstərir. Belə ki, oxucular üçün yaradılmış virtual oxu zalında onlar dünyanın ən tanınmış kitabxanalarında olan ədəbiyyata çıxış əldə etmi olurlar: “Kitabxananın dünya informasiya məkanına daxil olmasını, müvafiq dünya standartlarına uyğun elektron formaya keçidini təmin etmək, elektron kataloqların yaradılması və cəmiyyətin inkişafına birbaşa təsir göstərən elektron mənbələrə çıxışı təmin etmək məqsədilə 2010-cu ildə “İrbis 64” adlı kitabxana layihəsi almışıq. Artıq virtual oxu zalımızda 9 kompüter fəaliyyət göstərir. Oxucular gündə 1 saatdan çox olmayaraq, internet vasitəsilə istədikləri məlumatı əldə edə bilirlər”.
Qeyd edək ki, ATU-nun kitabxanası hər gün saat 9:00-dan 21:30-dək işləyir. Şənbə günləri oxu zalları 20:30-dək açıq olur. Oxucuların xidmətində 58 nəfər işçidən ibrət peşəkar heyət dayanır.