Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında iki xəstə ilə bağlı klinik müzakirə aparılıb.
Müzakirələrin əvvəlində çıxış edən direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev silsilə şəklində aparılan klinik təhlillərin ATU rektoru professor Gəray Gəraybəyli tərəfindən izlənildiyini və təqdirəlayiq hal kimi qiymətləndirdiyini bildirib.
Çünki, aparılan bu təhlillərin gələcəyin həkimləri olacaq tələbələrin, həmçinin rezidentlərin tibbi bilik səviyyəsinin yüksəldilməsində müsbət rol oynayacaq.
Klinik müzakirədə çıxış edən kardioloq Fərid Əliyev mədəcik taxikardiyasının müalicəsində yeniliklərdən söz açıb və bu yaxınlarda çox ağır vəziyyətdə klinikaya yerləşdirilən 56 yaşlı xəstədə bu proseduru tətbiq etdiklərini bildirib.
F. Əliyev qeyd edib ki, xəstə uzun illərdir defibilyator şoklaması səbəbilə onun nəzarətindədir və 2006-cı ildən bu yana həmin xəstəyə müxtəlif müalicə proseduraları tətbiq edilib: “Xəstə çox ağır vəziyyətdə olduğuna görə, onun yaşamaq şansı da çox az idi. Bu məqamda biz tam ürək denervasiyasi icra etmək qərarına gəldik. Ablasiya icra edilən sahələrdəki ( sol posterior fassikul, his dəstəsinin sağ ayaqcığı, his dəstəsi) tətbiq edilmədən sonra taxikardiya və ventrikulyar ektopik ocaqlar sonlandırıldı. Bu, His dəstəsinin ablasiyası icra edildikdən sonra əldə edildi və biz bunu “Tam Ürək denervasiyası” adlandırdıq”.
Daha sonra moderatorluğu professor Mehman Ağayevə məxsus 78 yaşlı – 30 ildi şəkərli diabetdən əziyyət çəkən xəstə ilə bağlı Şəhla İsmayılova toplantı iştirakçılarına məlumat verib.
O bildirib ki, xəstə klinikaya təngnəfəslik, sidik ifrazının azalması, boğulma və ağciyər xəstəliyi ilə daxil olmuşdu: “5 ildi xəstədir və xəstəliyini 30 ildir əziyyət çəkdiyi şəkərli diabetlə əlaqələndirirdi. Klinikaya gəlmə səbəbi də ödem sindromu idi. Biz bu xəstəni müayinə etdikdən sonra onda interstisial ağciyər xəstəliyinin olmasını da aşkar etdik. Hazırda xəstənin vəziyyəti normaldır və aparılan müayinələr onda müsbət yöndə irəliləyişlərə səbəb olub”.
Klinik müzakirə professor-həkim heyətinin və rezidentlərinin müzakirəsi ilə davam etdirilib.