Mammoloq-radioloq: “Hər süd vəzi ağrısı mastopatiya, hər süd vəzi şişkinliyi xərçəng deyil”
ATU-nun Tədris Terapevtik Klinikasının aparıcı həkimi, mammoloq-radioloq Günel Qəmbərova son zamanlar ona çox maraqlı pasientlərin müraciət etdiyini bildirir. Belə ki, bir neçə gün bundan öncə süd vəzidə yaranmış çox ciddi problemlə yaxınlaşan bir xəstədə aparılan hərtərəfli diaqnostika əsasında süd vəzi vərəmi aşkarlanıb. Bu xəstəyə başqa bir klinikada mastit diaqnozu qoyulub və 17 gün mütəmadi antibiotikterapiya aparılıb və 1 ay sonra süd vəzidə belə bir dəyişiklik yaranıb.
G.Qəmbərova vurğulayır ki, bu halları özündə aşkar edən hər bir qadın gecikmədən həkimə müraciət etməlidir:"Süd Vəzi Vərəmində əsas şikayət - süd vəzidə mütəmadi ağrılar, qoltuqaltı nahiyyənin ağrıları, süd vəzidə deformasiyalar, vəzi daxilində fruktasiyalara və əllənən kütlə və ya kütlələrin olması, gecikmiş halda dəridə yaralar və ifrazatların gəlməsi, süd vəzinin bir qədər böyüməsi və s.ola bilər.
Süd vəzi vərəminin də bir neçə formasının olduğunu deyən, həkim tam olaraq absesləşmiş mastit, gilənin Pedjet xərçəngi, mastitəbənzər şiş və aktinomikozdan tam differensasiya etmək üçün pasienti Mammoqrafiya, USM, Döş qəfəsi orqanlarının (DQO) Rentgen müayinəsinə göndərildiyini və ifrazatdan yaxma alınaraq və tuberkulindiaqnostikaya göndərildiyini bildirdi.
G.Qəmbərova açıqlamasında hər süd vəzi ağrısının mastopatiya, hər süd vəzi şişkinliyinin xərçəng olmadığını da deyir:”Hər süd verən qadında süd vəzidə olan qızartı, şişkinlik və ya temperatur mastit deyil. Əgər qadınlar belə dəyişiklik zamanı mütəxəssisə müraciət edərlərsə, vaxtında erkən diaqnoz qoyular və düzgün müalicə taktikasi seçilmiş olar”.