ATU-nun Tədris Cərrahiyyə Klinikasında 40-dək uşaq müayinə olunub
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan ayı münasibətilə psixonevroloji uşaqlar üçün pulsuz həkim müayinəsi təşkil olunub.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Rauf Ağayev klinikada bu tip aksiyaların artıq ənənə halını aldığını deyib. Belə ki, adətən hər bir bayram ərəfəsində müxtəlif növ xeyriyyə aksiyalar keçirilir: “Lakin hər bir aksiyada əsas diqqəti uşaqlara yönəldirik. Bu dəfə Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan ayının başlaması münasibətilə 2 fərqli aksiya təşkil olundu!.
İlk aksiyada klinikaya müraciət edən bütün uşaqlar üçün ümumi neonatoloq və pediatr müayinəsi, həmçinin bəzi önəmli analizlər pulsuz keçirilib. İkinci aksiya çərçivəsində isə Şəhər Nevroloji Dispanserində müalicə alan uşaqlar üçün təşkil olunub. R.Ağayevin sözlərinə görə, dispanserdə qeydiyyatda olan uşaqlar arasında nevroloji müalicə alan, serebral ifliclə yatan, somatik xəstəliklərdən əzoiyyət çəkənləri var: “Bu uşaqlar əsasən dispanserin həkim-pediatrlarının müayinəsindən keçirlər. Bizim klinikada həmin uşaqlar dar ixtisaslar üzrə həkim baxışlarından keçdilər. Məsələn, onlar pulsuz olaraq oftalmoloq, travmatoloq, otolorinqoloq baxışından keçdilər, exo və kardioqramma müayinəsi olundu. Ümumilikdə bu 2 gün ərzində psixonevroloji problemləri olan 40-dək uşaq müayinədən keçib”.
Rauf Ağayev bildirir ki, Tədris Cərrahiyyə Klinikası təsərrüfat əsaslı müəssisə olsa belə, Azərbaycan Tibb Universitetinin nəzdində olduğu üçün bu cür aksiyalar təşkil olunur: “Xeyriyyə məsələlərinə qoşulmağa və imkanımız çatan qədər hər kəsə kömək etməyə hazırıq. Onu da qeyd edim ki, klinikanın əməkdaşları çox böyük həvəslə aksiyaya qatılblar. Hətta həkimlərimiz öz təşəbbüsləri ilə aksiya iştirakçısı olan uşaqlara hədiyyələr də almışdılar”. Rauf Ağayev gələcəkdə də Tədris Cərrahiyyə Klinikası tərəfindən bu cür kampaniyaların təşkil olunacağını bildirdi.