Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında pediatr endokrinoloqlar cəmiyyətinin növbəti iclası keçirilib.
İclasda cinsiyyətin formalaşması, uşaqlarda gender identikliyi və psixoseksual inkişafın problemləri və bu mövzuya uyğun olan klinik hallar müzakirə olunub.
İclası çıxış edən Beynəlxalq Tibb Təlimi Kursunun təlimçisi Faiq Məmmədov "Cinsiyyətin formalaşmaının embrioloji, fizioloji, patoloji əsasları"ndan danışıb.
O, cinsiyyətin ana bətnindən başlayaraq hansı ardıcıl mərhələlərdən keçməsi, kişi və qadın cinsiyyətinin embrional inkişafının neçənci həftəsində formalaşmasını və hansı hormonal dəyişikliklərə məruz qalması haqda ətraflı məlumat verib.
Daha sonra "Uşaqlarda gender identikliyi pozuntusu və psixoseksual inkişafda problemlər" mövzusunda Bakı Dövlət Universitetinin əməkdaşı, psixoloq Günel Aslanova çıxış edib.
O, müxtəlif yaş dövrlərində qız və oğlanlarda baş verən psixoloji dəyişiklikləri, uşaqların öz cinsiyyətlərini necə başa düşmələri barədə danışıb və çoxsaylı suallara cavab verib.
Sonda 6 saylı uşaq klinik xəstəxanasının pediatr-endokrinoloqu Nabat Ağayeva "İkili cinsiyyətə aid klinik situasiyanın müzakirəsi" mövzusunda maraqlı klinik bir halı müzakirəyə verib və bununla da cəmiyyət növbəti iclasını başa vurub.