Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli bu gün universitetin Tədris Cərrahiyyə Klinikasında keçirilən yekun dövlət attestasiyası imtahanlarını izləyib. Rektor Gəray Gəraybəyli imtahanın gedişi ilə yaxından tanış olub, proseslə bağlı imtahan komissiyasının üzvləri ilə danışıb.
Rektor həmçinin, imtahanla bağlı tələbələrin anonim qaydada yazdıqları fikirlərlə tanış olub. Belə ki, imtahanlar dövründə universitetdə tələbələr üçün təkliflər qutusu yerləşdirilib. İmtahan verən tələbələr proses zamanı rastlaşdıqları bir sıra məqamlar, yeni OSKİ imtahanları ilə əlaqədar fikirlərini yazaraq qutuya atırlar.
Qeyd edək ki, ATU-da yekun dövlət attestasiya imtahanları iyunun 2-dən start götürüb. Ötən ildən etibarən universitetdə dövlət imtahanları yeni OSKİ üsulu ilə keçirilir. Tələbələr müvafiq fəndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlarına keçid alırlar. OSKİ imtahanları beynəlxalq standartlara cavab verən bir sınaq üsuludur. Dünyanın əksər ölkələrinin tibb universitetlərində imtahanlar bu üsulla aparılır.