İlk dəfə olaraq Şuraya valideyn və tələbə də daxil edilib
Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının 30 may 2017-ci il tarixli qərarıyla ATU Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verilib. Artıq şuranın 9 nəfərdən ibarət tərkibi formalaşıb.
Şuranın tərkibinə Millət vəkili, həkim qastroentroloq İlham Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Asan” radionun direktoru Emin Musəvi, İctimai Televiziyada “İctimai siyasi proqramlar” Departamentinin direktoru Anar Yusifoğlu, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü - Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Təhsil Nazirliyi “SABAH” qruplarının tədris işləri üzrə rəhbəri, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin hüquqşünas-eksperti Eldar Qocayev, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun Əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və ATU-nun tələbəsi Məhərrəm Alimli daxildir.
Bu gün rektor, professor Gəray Gəraybəyli yeni yaradılmış qurumun üzvləri ilə görüşüb. Görüşdə rektor G.Gəraybəyli şuranın yaradılması məqsədləri haqqında məlumat verib. Qeyd edib ki, istənilən ali məktəbdə gedən proseslərin düzgün və şəffaf, ədalətli və tələbələrin xeyrinə yönəldilməsində ictimaiyyətin rolu vacibdir. Rektor bu qərarın elmin, təhsilin, səhiyyənin inkişafına xidmət edəcəyindən əminliyini bildirdi.
G.Gəraybəyli görüş iştirakçılarını hazırda ATU-da keçirilən dövlət yekun attestasiya imtahanlarını izləməyə dəvət etdi: “Yəqin ki, Şura işə başlayan kimi imtahanların gedişi ilə tanış olacaq. Fakültələrimiz üzrə yekun dövlət attestasiya imtahanları 2 mərhələdə keçirilir. Birinci mərhələdə tələbələr bacarıq imtahanlarından keçirlər. Bu mərhələdə tələbələr 3 fənndən imtahan verirlər: cərrahiyyə, terapiya (daxili xəstəliklər) və mamalıq-ginekologiya. Bacarıq imtahanları yeni Obyektiv Strukturlaşmış Klinik İmtahan - OSKİ imtahan üsulu ilə aparılır. Azərbaycan Tibb Universiteti olaraq ön ildən bu imtahan növünə keçmişik. Amma bu il artıq bu üsulu daha da təkmilləşmiş formada aparırıq.”
G.Gəraybəyli onu da bildirdi ki, ATU-da gedən proseslərin şəffaflığını təmin etmək məqsədilə artıq bir neçə aydır ki, mütəmadi olaraq tələbələrlə görüşlər keçirir. Tələbələr onları narahat edən məsələlərlə bağlı şəxsən rektora məlumat verir, bir sıra problemlərin həlli ilə bağlı məsələ qaldırırlar.
Daha sonra İctimai Şura üzvləri çıxış edərək bildirdilər ki, qurumun əsas işi ATU-da gedən proseslərin, görülən işlərin faydalılığını və səmərəliyini ortaya çıxarmaqdır. Bundan əlavə, universitet daxilində hər hansı problemlər yaranarsa, onların həllinə yardımçı olmaq, bununla bağlı rəhbərliyə təkliflər veriləcək. Bu, universitetin işində vətəndaş cəmiyyətinin iştirakının təmin olunmasıdır. Şura üzvləri ictimai nəzarətlə bağlı işlərin daha effektiv şəkildə qurulması üçün təkliflərini verdilər.
Onu da qeyd edək ki, ATU-nun nəzdində yaradılan bu şurada ilk dəfə olaraq tələbə və valideyn də şura üzvləri sırasındadır. Şuranın sədri Millət vəkili, həkim qastroentrloq İlham Məmmədov, sədr müavini ATU-nun Əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva, şuraya katib isə Əhməd Abbasbəyli seçildi.
ATU-nun rektorluğu yanında yaradılan İctimai Nəzarət və Məsləhət Şurası “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 06 yanvar 2014-cü il tarixli Qanununa uyğun olaraq formalaşdırılır. Şura vasitəsilə Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Tibb Universitetində idarəetmənin həyata keçirilməsinə cəlb edilir. ATU-nun rektorluğu yanında yaradılacaq İctimai Nəzarət və Məsləhət Şurasının əsas məqsədi universitetin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.