Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr seçkisi keçirildi. ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Cahangir Qasımov gündəlikdə duran məsələrləri konfrans iştirakçılarının nəzərinə çatdırdı. O, son illər ərzində tələbə həmkarlar ittifaqı komitəs tərəfindən görülən işlər haqqında danışdı və sədr vəzifəsinə yeni seçiləcək şəxsə uğurlar arzuladı.

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Elşad Novruzov sədrliyi dövrü üçün hesabat xarakterli çıxış etdi. Bildirdi ki, quruma rəhbərlik eetdiyi son 5 ildə Tələbə Həmkarlar Təşkilatı 19 nəfərdən ibarət büro üzvü ilə fəaliyyət göstərib. Təşkilatın ən mühüm işlərindən biri tədris korpuslarında, o cümlədən yataqxanalarda nizam-intizamın gücləndirilməsi istiqamətində atılan addımlar olub. Son 5 ildə yataqxanalarda növbəli olmaqla əsaslı təmir aparılıb.

E.Novruzov ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin əsas vəzifələrindən birinin tələbələrin ictimai fəallığını artırmaqdan ibarət olduğunu deyib: “2013-cü ildə biz AMU FlashMob klubunu yaratdıq. Bu klub bir çox uğurlara imza atdı. Məsələn, ilk olaraq “Party rock anthem” adlı flaşmob keçirildi. Daha sonra “Get Lucky” video çarxı hazırlandı və sosial şəbəkələrdə paylaşılan andan gözləniləndən də çox rəğbət qazandı. Növbəti layihə Xocalı faciəsini əks etdirən flaşmob oldu. Sonrakı layihələr arasında milli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş layihəni misal çəkə bilərik. Burada “Azərbaycan” mahnısı tələbələr tərəfindən işarət dilində ifa olunmuşdu. Eyni zamanda, “Sağlam həyat tərzi” adlı videoçarx da sosial şəbəkələrdə maraqla qarşılanmışdı”.

Qeyd edək ki, hazırda THİK nəzdində “FLASHMOB” komandası, “Medical conversation” danışıq klubu, “NƏ? HARADA? NƏ ZAMAN?” oyunu üzrə intellektual klub, “Vətəndaş Cəmiyyəti - DEBAT” ictimai klubu, “Esculap” şən və hazırcavablar komandası fəaliyyət göstərir. Həmçinin, ATU-nun və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyilə yaradılan “Medicus” klubu fəaliyyətdədir. ATU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Universitetin nəzdində idman-sağlamlıq kompleksi, örtülü üzgüçülük hovuzu, “Nabran” sağlamlıq-istirahət düşərgəsi, Elmi-Tədqiqat Mərkəzi, İnternet mərkəzi və s. fəaliyyət göstərir. Universitetin nəzdində “Çinar” qızlar rəqs ansamblı, “Şən və hazırcavablar” qrupu və s. mədəni-kütləvi birliklər fəaliyyət göstərir.

Hesabat çıxışından sonra komitə sədrliyinə seçki keçirildi. Universitetin farmakoqnoziya və botanika kafedrasının assistenti Elvin Kərimli ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi. İclasda komitənin 15 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyasının tərkibi də formalaşdırıldı.