Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ATU və Medipol Universitetinin birgə təşkil etdiyi “Endokrinologiyada cərrahiyyə ilə ortaq görüşlər” mövzusuna həsr olunmuş simpozium keçirildi.
Simpoziumda açılış nitqi ilə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bu cür tədbirlərin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bilirdi: “Həmişə olduğu kimi qardaş dövlətin nümayəndələri öz zəngin bilik və bacarıqlarını bizim gənc universitet əməkdaşlarımızla bölüşmək üçün təşrif buyurublar. Medipol Xəstəxanalar Universiteti ilə Azərbaycan Tibb Universiteti və eyni zamanda Tədris Cərrahiyyə Klinikası ilə əməkdaşlıq memorandumu imzalayıblar. Məhz bu memorandum çərçivəsində əməkdaşlığın aktiv şəkildə davam etdirilməsi təqdirəlayiq bir haldır”.
Konfransın çox aktual və maraqlı mövzuya həsr olunduğunu deyən S.Hadıyev qeyd edib ki, endokrinologiya üzrə Medipol Universitetindən və bizim klinikadan bu sahədə olduqca tanınan mütəxəssislərin çıxışı olacaq.
Medipol Xəstəxanasının tanıtımına dair videoçarx izlənildikdən sonra simpozium panel sessiyalarla işini davam etdirdi. Tireoid paneli Dos.Dr.Abbas Abbasov və Prof.Dr.Yaşar Özdenkayanın sədrliyi ilə keçirildi. Paneldə ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu, t.ü.f.d. Azər Hümmətov “Qalxanabənzər vəzi əməliyyatlarında sinir monitorinqinin əhəmiyyəti”, Baku Medical Plaza xəstəxanasının endokrinologiya şöbəsinin müdiri Hidayət Məmmədzadə “Qalxanabənzər vəzi xəstəliklərinə ümumi endokrinoloji baxış”, professor Yaşar Özdenkaya “Qalxanabənzər vəzi xəstəliklərində robotik cərrahiyyə” mövzularında mühazirələrlə çıxış etdilər.
Simpoziumun ikinci hissəsi Cinsiyyət vəziləri və böyrəküstü vəzdəki problemlərə həsr edilmişdi. Bu paneldə Dr. Murat Api “Qadın sonsuzluğunun ümumi dəyərləndirilməsi və müasir metodlarla müalicəsi” (qadınlarda tüklənmə , menstrual tsikl pozğunluqları, polikistik yumurtalıq sindromu və s.), Prof.Dr.Yaşar Özdenkaya “ Böyrəküstü vəzi törəmələrinin cərrahi müalicəsi ” mövzusunda çıxış etdilər.
Simpozium səslənən məruzələr ətrafında müzakirələrlə davam etdi.