Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsində buraxılış və diplom işlərinin müdafiəsinin altıncı günüdür. Məlum olduğu kimi, Əczaçılıq fakultəsində yekun dövlət attestasiyası buraxılış və ya diplom işləri müdafiəsi yolu ilə həyata kecirilir.
ATU-nun Əczaçılıq fakültəsinin dekanı, professor Tahir Süleymanovun sözlərinə görə, universitet rektorunun əmrinə müvafiq olaraq, hər gün 10 nəfər tələbə diplom işinin müdafiəsini həyata keçirir. Diplom işlərinin müdafəsini həyata keçirmək üçün Yekun Dövlət Attestasiyası Komissiyası yaradılıb: “Müdafiədə qiymətləndirmə mərhələli şəkildə aparılır.
Birinci mərhələ müdafiəyə qədər olan müddətdir. Kafedralarda diplom işlərinin müdafiəsinin yerinə yetirilməsi zamanı tələbənin işi mənimsəməsi, ədəbiyyat mənbələrində işləmə qabiliyyəti və s. faktorlara görə diplom işinin rəhbəri və iki nəfər rəyçi tərəfindən orta bal cıxarırıq. Birinci mərhələ maksimum 50 bala qədərdir. İkinci mərhələdə Yekun Dövlət Attestasiya Komissiyasının üzvlərinin qarşısında tələbənin məruzə suallarına verdiyi cavablar, materiallardan istifadə etmək qabiliyyəti və s. qiymətləndirilir. Kriteriyalara görə, ikinci mərhələdə də qiymətləndirmə 50 bala kimidir”.
T. Süleymanov buraxılış və diplom işlərinin müdafiəsi zamanı bu gün yoxlamanın aparıldığını, nəticənin qənatəbəxş olduğunu dedi: “Müdafiə həmişəki qaydada davam edərkən, qəfildən ATU-nun İctami Nəzarət Şurasının üzvləri, komissiyanın sədri, millət vəkili İlham Məmmədovun rəbərliyi ilə üzvlər zala gələrək, müdafiəni izlədilər. Tələbənin çıxışını dinlədilər və suallarını verdilər. Daha sonra mən fakultənin dekanı olaraq, bütün sənədləşmə işləri, müdafiənin qayda-qanunları haqda şura üzvlərini məlumatlandırdım”.