Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral, professor Hayati Bilgiç Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Türkiyəli müsafir ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.
Görüşdə rektor Gəray Gəraybəyli bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı ilə Türkiyə universitetləri arasında sıx əlaqələr mövcuddur. Tibb Universiteti müntəzəm olaraq qardaş Türkiyədən qonaqlar qəbul edir. G. Gəraybəyli qeyd edib ki, 2000-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən ATU-da Hərbi tibb fakültəsi yaradılıb: “Artıq 17 ildir ki, bu fakultə universitetimizdə fəaliyyət göstərir. Bu illər ərzində 400-dən çox məzunumuz olub. Hazırda bu fakültədə 480-ə yaxın tələbə təhsil alır”.
Rektor təhsil sistemi barədə də türkiyəli professora məlumat verib. Bildirib ki, artıq 7 ildir burada iki pilləli təhsil sistemi tətbiq edilir: “2010-cu ildən Hərbi tibb fakültəmizdə rezidentlər də hazırlanır və 20-ə yaxın rezident məzun olub. Hazırda isə müxtəlif ixtisaslar üzrə 50-yə yaxın rezident hazırlanır. Biz Hərbi tibb fakültəsinin gücləndirilməsinin marağındayıq. Dəfələrlə elmi şuralarımızı fakültənin fəaliyyətinə, burada tələb olunan dəyişikliklərə həsr etmişik. Kafedra müdirlərinə tapşırmışıq ki, bu fakültəyə ən güclü müəllimləri cəlb etsinlər”.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral, professor Hayati Bilgiç ATU-nu ziyarət etməsindən məmnun olduğunu bildirib. 15 il öncə Bakıya gəldiyini xatırladan türkiyəli professor şəhərin inanılmaz dərəcədə dəyişdiyini və gözəlləşdiyini deyib. Bakıda yeni təhsil ocaqlarının yaradıldığını müsbət qiymətləndirib. Özü haqqında məlumat verən professor Ankara Universitetinin Tibb fakültəsinin məzunu olduğunu deyib: “Bu səbəbdən də hərbi tibb işçisi, rezidentlərin yetişdirildiyi Azərbaycan Tibb Universiteti mənim üçün çox önəmli bir təhsil ocağıdır.
Azərbaycan Tibb Universitetinin hərbi tibb sahəsində əldə etdiyi uğurlar bizi qürurlandırır. Bizim universitetlərin də bu sahədə olan biliklərini sizinlə bölüşmək istəyirik. Universitetlərimiz və müəllimlərimiz bu sahəyə aid bütün yeniliklərlə bağlı sizə kömək etməyə, iş birliyi qurmağa hər zaman hazırdır”.
Görüşün sonunda qarşılıqlı əlaqələrin genişləndirilməsi və ATU-nun Hərbi tibb fakültəsinin inkişafı istiqamətində addımların atılmasına qərar verildi.