Azərbaycan Tibb Universitetində imtahan sessiyası davam edir. Universitetin stomatologiya fakültəsində ortopedik stomatologiya fənni üzrə sonuncu dövlət imtahanı keçirilir.
ATU-nun ortopedik stomatologiya kafedrasının müdiri Nazim Pənahovun sözlərinə görə, digər fakültələrdə olduğu kimi, stomatologiya üzrə də dövlət imtahanları OSKİ metodu ilə aparılır.
“Rektor Gəray Gəraybəylinin təşəbbüsü ilə keçirilən OSKİ imtahanlarının bu gün stomatologiya fakültəsi üzrə sonuncu imtahanıdır. Bu gün 162 tələbə OSKİ bacarıq imtahanlarında özünü sınayır. İmtahanın yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə müəllimlər ayrılıb. İmtahan götürən müəllimlərdən 9 nəfəri ortopedik stomatologiya kafedrasından, 1 müəllim isə uşaq stomatologiyası kafedrasından təyin olunub. Bundan əlavə, 2 koordinator və bir əvəzedici müəllim də imtahanlarda iştirak edir”.
OSKİ imtahanlarında hər bir tələbənin bir bacarıq üzrə imtahanına 4 dəqiqə vaxt ayrılıb. Tələbə ümumilikdə 10 bacarığa rotasiya üsulu ilə 40 dəqiqə sərf edir. Bu müddətdə həmin tələbənin imtahanı başa çatdırılır.
N.Pənahovun sözlərinə görə, tələbələr dövlət imtahanlarının OSKİ metodu ilə aparılmasından çox razıdırlar. Çünki bu üsul yeni olmaqla yanaşı, həm də tələbənin təhsil müddətində topladığı bilik və bacarıqların praktikada tətbiqini göstərməyə, nümayiş etdirməyə imkan verir.
Qeyd edək ki, bu günki imtahanda ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev və təhsilin keyfiyyətinə nəzarət və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov iştirak edərək, imtahanın gedişini izləyiblər.