İyunun 29- da Böyük Elmi Şura 2016/2017-ci tədris ilinin son iclasını keçirdi. İclası açan universitetin rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırdıqdan sonra Azərbaycan Tibb Universiteti üzrə 2016/2017-ci tədris ilindÿə Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatı dinlənildi və gənc mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri müzakirÿə edildi.
Attestasiya Komissiyasının sədrləri- I müalicə-profilaktika fakültəsi üzrə Attestasiya Komissiyasının sədr müavini ATU-nun nevrologiya kafedrasının müdiri, professor Şərif Mahalov, II müalicə-profilaktika fakültəsi üzrə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrasının müdiri, tibb elmləri doktoru, Teymur Qafarov, tibbi profilaktika fakültəsi üzrə V.Axundov adına Milli Elmi Tədqiqat Tibbi-Profilaktika İnstitutunun İnsan helmintozları və bağırsaq protozooları laboratoriyasının müdiri, t.ü.e.d. Akif Salehov, stomatologiya fakültəsi üzrə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz- çənə cərrahiyyəsi kafedrasının dosenti, t.e.d. Mahir Əliyev, əczaçılıq fakültəsi üzrə AMEA- nın Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru Şəfiqə Topçiyeva, hərbi tibb fakültəsi və hərbi tibb məktəbi üzrə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, general leytinant Nizam Osmanov dövlət imtahanlarının yekunları və nəticələri haqqında ətraflı məlumat verdilər. Komissiya sədrləri hesabat məruzələrində qeyd etdilər ki, kredit sistemi ilə təhsil alan bir sıra ixtisaslar üzrə əczaçılıq fakültəsində buraxılış işinin müdafiəsi, I və II müalicə-profilaktika, tibbi profilaktika, stomatologiya və hərbi tibb fakültələrində Yekun Dövlət Attestasiyası yeni Əsasnaməyə uyğun aparılıb. Bu Qaydalar fakültə şuralarında, Mərkəzi Metod Komissiyada və universitetin Böyük Elmi Şurasının iclasında təsdiq olunmuşdur. Qaydalara uyğun olaraq nəticələr 100 ballıq sistemlə qiymətləndirilib. Bütün ixtisaslarda 50 bal praktik bacarıqlardan, 50 bal isə kompyüter vasitəsilə test üsulu ilə imtahanlardan, əczaçılıq ixtisasında isə 50 bal buraxılş işinin hazırlanmasından, 50 bal isə onun müdafiəsi zamanı əldə edilmişdir. Natiqlər imtahanlarda heç bir neqativ halın baş vermədiyini, qaydalara uyğun tələbələrin biliklərinin obyektiv qiymətləndirildiyini, builki dövlət imtahanlarında kəmiyyət göstəricisinin 100 %, keyfiyyət göstəricisinin isə 80-87% arasında təşkil etdiyini söylədilər.
Komissiya sədrləri bildirdilər ki, bu il dövlət buraxılış imhanlarının yüksək səviyyədə keçirilməsi üçün hər cür imkana malik geniş, işıqlı otaqlarda tələbələr obyektivlik şəraitində yüksək bilik nümayiş etdirmişlər. İmtahanların belə yüksək səviyyədə təşkil edilməsinə görə univresitet rəhbərliyinə, şəxsən ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə minnətdarlıq edən komissiya sədrləri, eyni zamanda fakültə dekanlarının da bu kompaniyadakı fəaliyyətlərini yüksək qiymətləndirdilər. Onlar imtahanlar zamanı heç bir narazılığın baş vermədiyini diqqətə çatdırsalar da, gələcəkdə dövlət buraxılış imtahanlarının daha yüksək və mütəşəkkil keçirilməsi üçün öz təklif və rəylərini də bildirdilər.
Universitetin tədris hissə müdiri, dosent Nəsimi Qasımov və universitetin elmi katibi, t.ü.e.d, Nazim Pənahovun məruzələri dinlənildikdən sonra şura üzvləri tərəfindən 2017/2018-ci tədris ili üçün universitet üzrə tədris planı və 2017/2018-ci tədris ili üçün ATU-nun iş planı da təsdiqləndi.
Hesabat çıxışlarına yekun vuran universitetin rektoru, professor Gəray Gəraybəyli komissiya sədrlərinə imtahanları uğurla başa çatdırdıqları üçün öz təşəkkürünü bildirdi və onların hər birinin çalışdıqları sahədə mahir mütəxəssislər olduğunu bir daha vurğuladı: “Həqiqətən də komissiya sədrlərinin də dediyi kimi, dövlət-buraxılış imtahanları çox yüksək səviyyədə təşkil olunub. Məhz bunun nəticəsidir ki, imtahanlar zamanı elə bir neqativ hala rast gəlinməyib. Bu il keçirilən imtahanların nəticələrinə gəldikdə isə hesab edirəm ki, bütövlükdə elə bir narazılıq qeydə alınmayıb. Lakin bu məsələnin geniş müzakirəyə ehtiyacı olduğunu hesab edirəm və sentyabrda yay imtahan sessiyasının nəticələrini müzakirə edərkən dövlət imtahanlarına da toxunacağıq”.
Sonra rektor Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarı ilə təsdiq edilmiş “ Ali təhsil sistemində magistratura səviyyələrində AMEA-nın magistratutra səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarında bir sıra dəyişikliklər edildiyini bildirdi və bu dəyişiklik barədə məlumat vermək üçün sözü tədris hissə müdiri, dosent Nəsimi Qasımova verdi. O, şüra üzvlərinin diqqətə çatdırdı ki, dəyişikliyə əsasən semestr imtahanlarında akademik borcu qalan, yəni imtahanda iştirak etməyən, qeyri-kafi qiymət alan tələbələr iki fənn üzrə fənni təkrar dinləmədən təkrar olaraq ödənişli qaydada fənnin kreditinə 25 faizdən çox olmamaqla, pul ödəməklə imtahan verə bilərlər: “İndiyədək hər bir kəsrdən qalan tələbə bu fənni dinləməli idi, yeni qəbul olunmuş qərara əsasən semestr ərzində tələbənin bir-iki və ikidən çox kəsri qalarsa, iki fənnin ödənişli qaydada, yəni imtahana ayrılan saatların pulu ödənilməklə təkrar imtahan verə bilər. Bu qaydaların qüvvəyə mindiyini və buraxılış kurslarında I və II müalicə profilaktika, əczaçılıq fakültələrində belə tələbələrin olduğunu nəzərə alaraq onlar yenidən kurs imtahanlarına buraxılmışlar. İmtahanları müvəffəqiyyətlə verə bilsələr, onlar üçün cari ilin Dövlət Attestasiya sınaqları təşkil olunmalıdır. Bu attestasiya sınqaları yaxşı olardı ki, yay aylarında, yəni iyulun 10-dək təşkil olunsun. Çünki bu attestasiya sınaqları növbəti tədris ilinə qalsa, 9 kredit edir və tələbə bunu ödəməlidir. Bu isə böyük bir vəsait deməkdir. Bütün imtahan Dövlət Attestasiya Komissiyasının sədrlərinə məlumat üçün bildirmək istəyirəm ki, semestr imtahanlarını müvəffəqiyyətlə verən bu məzunlar üçün əlavə dövlət attestasiya sınaqları təşkil ediləcək. Bu dövlət imtahanları da iyul ayının 10-dək başa çatmalıdır”.
Sözünə davam edən N.Qasımov dedi ki, universitet rəhbərliyinin göstərişi ilə təhsilin səviyyəsini dünya standartları səviyyəsinə yaxınlaşdırmaq üçün humanitar fənnlər bölümünün və tibb təhsili ilə əlaqəsi olmayan kifayət qədər yüksək auditoriya sahibi olan fənlərin və tibb təhsili ilə əlaqədə olan fənlərin auditoriya saatlarında kiçik bir kooreksiya aparılmışdır. Belə ki, ictimai elmlər, latın dili, fizika kimi fənlərin saatlarında auditoriya saatları azaldılmış, kredit şərtləri dəyişməməklə əvəzində insan anatomiyası, histologiya fənlərində auditoriya hissəsinə müəyyən əlavələr edilmişdir.
Professor Gəray Gəraybəyli şura üzvlərini və eləcə də Dövlət Attestasiya Komissiyasının sədrlərini iyunun 30-da Ağ şəhərdə yerləşən “Bulvar Hotel”də keçiriləcək Azərbaycan Tibb Universitetinin növbəti məzun gününə dəvət etdi.
Bu və digər məsələlərin qarşıdan gələn yeni tədris ilində rektoryanı və metodik şuralarda müzakirə olunacağını diqqətə çatdıran universitetin rəhbəri çıxışının sonunda professor-müəllim heyətinə mənalı istirahət arzuladı.