Hər il tədris semestrinin sonunda ənənəvi olaraq farmakologiya kafedrasının professor- müəllim heyətinin bilik və bacarığının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə elmi- praktik seminarlar keçirilir.
İyunun 23- də keçirilən növbəti seminarı giriş nitqiylə açan kafedranın müdiri, professor Musa Qəniyev bildirib: “Uzun illərdir ki, kafedramızda tədris prosesində müəyyən fasilələr yarananda, yəni qışda və yayda dərs prosesi başa çatdıqdan sonra kafedra əməkdaşları tərəfindən proqrama uyğun şəkildə bir mövzu təqdim edilir. Bu keçirilən seminarlarda kafedra əməkdaşları təqvim planına daxil olan dərsləri müzakirə edirər. Dərslərin müzakirəsi zamanı təqdim olunan hər mövzu üzrə tələbələrə verilməsi lazım olan yeniliklərdən söhbət açılır və həmin yeniliklər təhlil olunduqdan sonra dərs prosesinə daxil edilə bilir. Seminarların keçirilməsində əsas məqsəd tədris prosesinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də dünyada tibb sahəsində baş verən yeniliklərin dərs prosesinə uyğunlaşdırılması məsələlərindən ibarətdir. Yalnız müəllimlərin iştirak etdiyi bu seminarların əsas qayəsi tədris prosesinin keyfiyyətini yaxşılaşdırmaqdır. Onu da qeyd edim ki, hələ təhsil sistemi klassik variantda olanda da biz bu cür elmi- praktik seminarları keçirirdik. Kafedramızda bir ənənəyə çevrilən bu seminarlar artıq may ayının 3- dən etibarən start götürüb və həftə ərzində müəllimlərimiz bir sıra müvafiq mövzular üzrə çıxış edirlər”.
Bu gün keçirilən növbəti seminarın gündəliyində isə “Ürək- damar sistemi patalogiyalarında istifadə olunan dərman maddələrinin ( kardiotomik, antiaritmik, antianginal preparatlarının) farmakologiyası” mövzusunda kafedranın tədris hissə müdiri, professor Vəli Əsmətov çıxış edib. Məruzəçi çıxışında ürək – damar xəstəliklərini əmələ gətirən səbəblərdən bəhs edib və ürək fəaliyyətinin çatışmazlığı zamanı istifadə olunan dərman maddələrinin təsirindən geniş söhbət açıb. O, qeyd edib ki, son illər bütün dünyada ürək- damar xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə bu xəstəliklərdən ölənlərin sayı başqa xəstəliklərlə müaqyisədə birinci yerdədir.
Diskussiya formasında keçən elmi- praktik seminarın sonunda kafedra əməkdaşlarını düşündürən suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılıb.