Azərbaycan Tibb Universitetində yeni tələbələrin qeydiyyatı prosesi davam edir. 15 avqust tarixindən etibarən universitetimizdə yeni tələbə adını qazanmış abituriyentlərin sənədlərinin qəbuluna start verilib.
Abituriyentlərin rahatlığı üçün qeydiyyat prosedurunda lazım olan sənədlərin siyahısı əvvəlcədən ATU-nun saytına yerləşdirilmişdi. Buna baxmayaraq, bəzi tələbələrin sənədlərində çatışmazlıqlar aşkarlanır. ATU-da yaradılmış ciddi nəzarət sayəsində bu cür məsələlərin yoluna qoyulmasında tələbə adını qazanmış abituriyentlər və onların valideynlərinə lazımi məsləhətləri verir.
Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli də universitetə qeydiyyat prosesinin gedişi ilə tanış olub. Abituriyentlər və valideynləri ilə söhbət zamanı G.Gəraybəyli proses zamanı hansısa çətinliklərin yaranıb-yaranmadığı ilə maraqlanıb. Rektor qeydiyyat prosesinin daha da sürətləndirilməsi üçün müvafiq məsləhətlərini verib.
Qeyd edək ki, bu il yüzlərlə gənc Azərbaycan Tibb Universitetinə qəbul olub. Sənədlərin qəbulu avqust 25-i tarixinədək davam edəcək.