İnsanların sağlamlığının keşiyində durmaq, mümkün qədər çox xəstəyə yardım göstərmək həkimlik sənətinin ən ümdə vəzifəsidir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Yer kürəsində Ürək-Damar xəstəliklərindən hər il 17.5 milyon adam dünyasını dəyişir və bu da ümumi ölüm göstəricinin 31% -ni təşkil edir. Bu problemin aktuallığını nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında geniş əhali kütləsinə ilkin kardioloji müayinənin aparılması məqsədilə növbəti aksiya keçirilib.
Bir ay ərzində davam edən akisyada klinikanın əməkdaşları ATU-nun dosenti Dr Rəhimə Qabulova, Dr Afiyəddin İskəndərov və həkim-rezident Çərkəz Quliyeva iştirak ediblər. Klinikaya müraicət edən hər vətəndaşa EKQ-müayinəsi və kardioloqun baxışı aparılıb, lazımı məsləhətlər verilib.
ATU-nun Tədris Terapevtik Klinikasının həkimi, dosent Rəhimə Qabulovanın sözlərinə görə, kampaniya çərçivəsində klinikaya müraciət edən xəstələrin hər biri göstərilən xidmətdən razı qalıb:
“Aksiya müddətində 200-dən artıq vətəndaş klnikaya müraciət edib, müayinədən keçib. Vətəndaşlar arasında həm profilaktik məqsədlə, həm də ciddi narahatlıqla bağlı müraciət edənlər olub. Onların hər birinə tərəfimizdən maksimal diqqət göstərilib, lazımı məsləhətlər verilib. Bəzi hallarda müraciət edən şəxslərdə nevroloji, qastroenteroloji, revmatoloji, s. problemlər də aşkar olunub, onlara mütəxəssisin baxışı tövsiyə olunub.
Ümumiyyətlə, kollektivimiz bu cür aksiyalarla daha çox insana yardım göstərməyə çalışır. Əsas məqsədimiz əhalini öz sağlamlıqlarına diqqətli olmağa çağırmaqdır”.
Qeyd edək ki, avqustun 31-də başa çatır. Keçirilən kampaniyalarla bağlı ATU-nun rəsmi www.amu.edu.az saytında, Tibb Universitetinin rəsmi Facebook səhifəsində, həmçinin universitetin nəzdindəki klinikaların səhifələrində əvvəlcədən elanlar verilir. Hər bir kəsi bu cür aksiyalardan yaralanmağa dəvət edirik.